Nyu-York, 26 sentyabr, AZƏRTAC
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 70-ci sessiyası çərçivəsində sentyabrın 25-də Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Herrisin (David Harris) rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Amerika Yəhudi Komitəsinin Azərbaycana səfərlərinin və ölkəmizlə yaxından tanışlığının, beynəlxalq tədbirlər çərçivəsində bu kimi görüşlərin və aparılan fikir mübadilələrinin təqdirəlayiq təcrübə olduğu qeyd edilib.
Azərbaycan haqqında həqiqətləri geniş ictimai dairələrə təqdim etməklə Amerika Yəhudi Komitəsinin Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatları və İsrail ilə ikitərəfli əlaqələrinin inkişafına töhfə verdiyi bildirilib. Devid Herris komitənin bu ilin yazında Azərbaycana məhsuldar səfərini xatırladaraq, gələn il də ölkəmizə belə bir səfərin həyata keçirilməsinin nəzərdə tutulduğunu deyib.
Görüşdə Azərbaycanın zəngin tolerantlıq və multikulturalizm ənənələrinin nümunəvi xarakter daşıdığı vurğulanıb. Elmar Məmmədyarov komitənin nümayəndələrini Azərbaycanda görməkdən məmnun olacağını diqqətə çatdırıb. Həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi və Ermənistanın danışıqlarda qeyri-konstruktiv mövqeyi barədə məlumat verib. Bildirilib ki, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüz və işğalı regional sülh və təhlükəsizlik üçün ən başlıca təhdiddir.
Daha sonra qarşılıqlı maraq doğuran bir sira məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu York
Azərbaycan xarici işlər nazirinin Amerika Yəhudi Komitəsinin icraçı direktoru ilə görüşü olub
Azərbaycan xarici işlər nazirinin Amerika Yəhudi Komitəsinin icraçı direktoru ilə görüşü olub
Azərbaycan xarici işlər nazirinin Amerika Yəhudi Komitəsinin icraçı direktoru ilə görüşü olub