Tokio, 30 yanvar, AzərTAc
Yaponiya hökumətinin nümayəndələri İŞİD yaraqlıları tərəfindən girov götürülmüş yapon jurnalist Kenzi Qotonun azad olunması üçün İordaniya hökuməti və digər qonşu ölkələrlə əməkdaşlığı davam etdirirlər.
Bu barədə yanvarın 30-da səhər təşkil edilmiş mətbuat konfransında məlumat verən Yaponiyanın xarici işlər naziri Fumio Kişida bildirib ki, Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa və digər yüksək vəzifəli rəsmilər gecə saat ikiyə kimi Baş nazir Şinzo Abenin iqamətgahında hadisələrin istənilən dönüşünə hazır olmaq üçün gözləyiblər. Buna baxmayaraq vəziyyətin dəyişilməsi ilə bağlı heç bir məlumat daxil olmayıb.
F.Kişida Yaponiya hökumətinin İordaniyanın hakimiyyət orqanlarından Əmmandakı yapon nümayəndəliklərinin mühafizəsini gücləndirməyi xahiş etdiyini bildirib. Nazir qeyd edib ki, buna səbəb İŞİD yaraqlıları tərəfindən girovların götürülməsi ilə bağlı gərginliyin artmasıdır.
Hökumət Yaponiya vətəndaşlarının yeni hədəfə çevriləcəyindən ehtiyat edir. Bununla yanaşı, İordaniyada keçirilən kütləvi mitinqlərdə iştirakçılar ilk növbədə Krallığın hərbi təyyarəçisinin azad olunmasını tələb edirlər. Onlar bildirirlər ki, İordaniyanın hakimiyyət strukturları Tokionun mövqeyinə ciddi yanaşmamalıdırlar.
Xəbər verdiyimiz kimi, İŞİD yaraqlıları girovun azad olunması müqabilində Əmman türməsində saxlanan terrorçu qadın Sacida al-Rişavinin onlara verilməsini tələb ediblər. Ultimatumun vaxtı yanvarın 29-da yapon vaxtı ilə saat 23-30-da başa çatıb. Terrorçu qadının hələ də türmədə olduğu, İordaniyanın hakimiyyət strukturlarının pilotun taleyi barədə heç bir məlumata malik olmadığı bildirilir.
Yaraqlılar tərəfindən yeni tələblərin daxil olması barədə heç bir məlumat verilmir.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Tokio