Beynəlxalq təşkilatlar və böyük dövlətlər bölgədə müharibə istəyir

Beynəlxalq təşkilatlar və böyük dövlətlər bölgədə müharibə istəyir
08:38 29 Sentyabr 2015
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan xəbərlər xidməti

İlkin Bağırov - Trend:

Açığını deyim ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin guya həlli ilə bağlı danışıqların başladığı ilk gündən ATƏT-in Minsk qrupunun effektivliyinə, onun həmsədr ölkələrinə və onları təmsil edən diplomatlara, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etməklə yanaşı, münaqişə tərəflərini kompromisə çağıran digər beynəlxalq təşkilatlara, ən əsası, torpaq, əşya, mədəniyyətlərlə yanaşı, hətta “erməni” adını özününküləşdirən haylara və onlar üçün qurulan Ermənistan adlı dövlətə və onun təmsilçilərinə inanmamışam. İkili standartlarla çıxış edən və ya ən doğrusu, ikiüzülü dövlət və beynəlxalq təşkilatların bəsləyib yaşatdığı Ermənistan qahmarlarına güvənərək beynəlxalq hüquq və insan haqları nədir, heç insanlığın özünə də tüpürmək belə istəmir.

Hələ Çar Rusiyası və Sovet İttifaqı dövründə bölgədə azərbaycanlılara qarşı aparılan diskriminasiya, ayrı-seçkilik, təzyiqlər, nəhayət, soyqırım və deportasiyalardan sonra Qafqaz bölgəsinə yad olan insanların toplumu üçün süni şəkildə Ermənistan adlı monoetnik dövlət quruldu. Lakin bu onlara bəs etmədi və “böyük Ermənistan” ideyasının gerçəkləşməsi uğrunda işlərin həyata keçirilməsi planlı şəkildə davam etdirildi.

Budur, artıq 25 ildən çoxdur ki, yüzminlərlə azərbaycanlıları yaşadıqları tarixi torpaqlarından – indiki Ermənistandan qovulub, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi (keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti) və onun ətrafında yerləşən 7 rayon Ermənistan tərəfindən ilhaq olunub, 1 milyondan çox əhalisi soyqırıma və məhrumiyyətlərə məruz qalıb. Amma beynəlxalq təşkilatlar və hegemon dövlətlər bizə deyir ki, kompromisə gəlin, problemi danışıqları yolu ilə həll edin...

Məgər ermənilər azərbaycanlıları danışıqlar və ya kompromis yolu ilə qovmuşdular? Məgər ermənilər Azərbaycan torpaqlarını danışıqlar və ya kompromis yolu ilə işğal etmişdilər? Məgər danışıqlar və yakompromis yolu ilə böyüklü-uşaqlı azərbaycanlıları qətlə yetirmiş, soyqırıma məruz qoymuşdular?

İndi isə həmin təşkilatlar Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində yaranmış gərginlikdən narahatdırlar. Niyə? Çünki Ermənistan artıq Azərbaycanın və onun Ordusunun əsl gücünü hiss etməyə başlayıb? Çünki cəbhədə artıq ermənilər də ölməyə başlayıb? Çünki uzun illər gülləbaran və daimi səksəkə içində yaşayan Azərbaycan kəndlərinin aqibətini indi erməni kəndləri yaşamağa başlayıb? Bəs əvvəllər, onminlərlə azərbaycanlı qətlə yetiriləndə niyə bu narahatlıq yox idi? Niyə bu narahatlıq, diplomatik bəyanatlar Azərbaycanın mülki əhalisi dəfələrlə gülləyə tuş gələndə, öldürüləndə səslənmir?

Ermənilər cəbhə xəttində daim təxribatlar törətməklə dünya ictimiayyətinin diqqətini özünə cəlb etməyə çalışır. Lakin onların artıq bu təxribatları cavabsız qalmır. Son günlər erməni hərbi bölmələrinin ön səngərlərinə, mövqelərinə, eləcə də müəyyən edilmiş koordinatda onun müdafiəsinin dərinliyindəki canlı qüvvəsi və döyüş texnikasının toplanma məntəqəsinə endirilən zərbələrdən sonra rəsmi məlumatlara görə qarşı tərəfin ən azı 11 hərbçisi məhv edilib, onlarla yaralısı var. Axı erməni həbrçilərin Azərbaycan torpaqlarında nə işi var idi ki, onlar Silahlı Qüvvələrimizin hədəfinə tuş gələydilər? Təbii ki, bizim də şəhidlərimiz olub. Və yəqin ki, bu, hələ son deyil...

Ermənilər isə döyüş meydanındakı uğursuzluqlarının əvəzini mülki əhalini atəşə tutmaqla, onları qətlə yetirməklə çıxırlar. Özü də atıcı silahlarla yox, qəlpələnən silahlarla, artilleriya ilə... Cəmi iki gün əvvəl, sentyabrın 26-da axşam saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən minaatanlardan istifadə edilməklə Ağdam rayonunun cəbhəboyu kəndlərinin atəş tutulması nəticəsində mülki şəxs Bağırov Bəhram Qaraxan oğlu həlak oldu.

Lakin hələ heç bir dövlət və beynəlxalq təşkilat məhz Azərbaycanın yaşayış məntəqələrinin atəşə məruz qalmasına, mülki vətəndaşlarının öldürülməsinə görə narahatlıq ifadə etməyib. Bu biganəlikdir, yoxsa ikiüzlülük?

Artıq bu biganəlik və ikiüzlülüyün nəticəsidir ki, münaqişə uzun illərdir həllini tapmır. Mən 2006-cı ildə ABŞ Dövlət Departamentində bir qrup azərbaycanlı jurnalistlə birlikdə qonaq olarkən, onların “münaqişə yalnız kompromis yolu ilə həll olunmalıdır” fikrinin qarşılığında dedim ki, fərz edin ki, Meksika ABŞ-ın Texas ştatını işğal edib. O zaman siz onlarla məsələni kompromis yolu ilə həll etməyə çalışardınız?

Sonra belə bir bir misal çəkdim. ABŞ Dövlət Departamentinin nümayəndəsinə dedim ki, fərz edin ki, siz evinizdə yatmısınız və qonşunuz gəlib sizin şalvarınızı oğurlayıb. Siz də polisə müraciət etmisiniz. Polis də oğrunu tutub cəzalandırmaq əvəzinə deyir ki, problemi kompromis yolu ilə həll edin. Siz şalvarınızı ortadan bölərsiniz, yoxsa onu öz halal malınız kimi geri qaytarmağa çalışarsınız? Mənim bu ritorik sualım təbii ki, cavabsız qaldı...

Təbii ki, harada polis oğrunu tutmaq əvəzinə onu cəzasız saxlayıb həvəsləndirəcək, o cəmiyyətdə özbaşınalıq, hərc-mərclik hökm sürəcək. Biz bir dünyada, insan cəmiyyətində yaşayırıq və bəzi dövlətlər və təşkilatlar burada “polis” rolunu öz üzərinə götürsələr də, onu vicdanla yerinə yetirmirlər. Belə olan halda ilahi ədalət beynəlxalq hüquq və qaydalara söykənərək yalnız güc yolu ilə bərqərar edilə bilər.

İndi cəbhə xəttində elə bir vəziyyət yaranıb ki, əsəblər hər an dözməyə bilər, “nə sülh-nə hərb” vəziyyəti müharibəyə çevrilə bilər. Artıq “atəşkəs” deyilən rejim avtomat və pulemyotlardan deyil, raket və artilleriya silahlarından atəş açmaqla pozulur. Bu isə lokal da olsa, artıq müharibə deməkdir və bu lokallığın miqyası hər an genişlənə, ölən və yaralılarının sayı yüzlərlə, minlərlə insana çata bilər. Vəziyyət o həddə çatarsa, bunun məsuliyyəti yalnız Ermənistanın hərbi-siyasi rəhbərliyinin və onu dəstəkləyən qüvvələrin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin üzərinə düşəcək.

Bölgəyə adətən turist səfərlərinə gələn qrupun reallıq hissini itirmiş diplomatlarının hələ indi yadına düşüb ki, Azərbaycan və Ermənistan arasında atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün mexanizm yaradılmalıdır. Bəs bu vaxta kimi onlar nə işlə məşğul olurdular? Onların status-kvonu saxlamaq cəhdi isə bu illər ərzində Ermənistanın və bölgəni öz nəzarətində saxlamaq istəyən qüvvələrin xeyrinə işləyib.

Artıq BMT-dən də, konkret iş görmək əvəzinə, bu illər ərzində heç nəyə nail ola bilməyən və ya xristian təəssübkeşliyi üzündən heç bunu istəməyən, sadəcə danışıqların bərpa olunması və tərəflər arasında etimadın artırılması üçün Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində gərginliyin azaldılmasının vacibliyini qeyd edən, Azərbaycan və Ermənistan prezidentləri arasında bu ilin sonuna planlaşdırılmış növbəti görüşün keçirilməsindən danışan ATƏT-dən də, onun Minsk qrupundan da hesab soruşmağın vaxtı gəlib çatıb.

Məhz onların fəaliyyətinin nəticəsidir ki, guya danışıqlar aparan Ermənistanın dövlət başçısı Serj Sarkisyan artıq açıq şəkildə “Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir” deyir. Halbuki uzun illərdir Ermənistan Azərbaycan torpaqlarını de-fakto işğal altında saxlasa da, Dağlıq Qarabağı de-yure müstəqil dövlət kimi tanımayıb.

BMT Baş Assambleyasının 70-ci sessiyası və Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin həlli ilə əlaqədar Nyu-Yorkda danışıqların aparıldığı dövrdə Sarkisyanın bu cür məsuliyyətsiz bəyanatı bütün beynəlxalq hüquq normalarının üstündən xətt çəkilməsinin, özbaşınalıq və cəzasızlığın bariz nümunəsidir.

İndi görək həmin beynəlxalq ictimiayyət açıq şəkildə beynəlxalq hüquqi və siyasi məsuliyyət yaradan bu bəyanatına görə Sarkisyana “gözün üstə qaşın var” deyəcəkmi? Əlbəttə ki, yox. Onlar yenə də Ermənistanı danışıqlara dəvət edəcəklər. Ermənistanın danışıqlar prosesində imitasiya xarakteri daşıyan iştirakı isə beynəlxalq ictimaiyyəti aldatmaq, Azərbaycan ərazilərini daha çox işğalda saxlamaq, mövcud status-kvonu qorumaq, eləcə də cəbhədəki vəziyyətin gərginliyini bəhanə edərək ölkə daxilində narazı ictimaiyyətin ağzını yummaq məqsədi daşıyır.

Rəsmi Bakının fikrincə, aparılan danışıqlar, əldə olunmuş razılıqlar Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün "Böyük Sülh Sazişi"nin hazırlanmasına imkan verir. Ona görə də rəsmi Bakı "Böyük Sülh Sazişi"nin hazırlanmasında israrlıdır. Lakin Ermənistan, və Minsk qrupunun həmsədrləri bu sazişin tam formada ortaya çıxmasında maraqlı deyillər.

Sazişin yekun variantının hazırlanması ilə bölgədə müharibənin başlanması ehtimalı tərs mütənasibdir. Yəni sülh sazişinin ortaya qoyulması ehtimalı azaldıqca müharibənin başlanması ehtimalı artır.

Bu müharibə isə artıq əvvəlki illərdəki kimi olmayacaq. Böyük resurslar tələb edən yeni müharibə daha qısamüddətli və daha böyük tələfat və dağıntılarla müşayiət ediləcək. Artıq lokal deyil, daha genişmiqyaslı olacaq bu müharibə digər “barıt çəlləkləri” üçün qığılcım ola, regionun digər dövlətlərinə də yayıla bilər.

Bizim artıq yaxşı tanıdığımız Qərb üçün, Minsk qrupunun həmsədrləri üçün öz regionlarından uzaqda növbəti silahlı münaqişə və müharibələrin olması adi haldır. Onlar sadəcə buna təəssüfünü bildirəcək, amma bu müharibələrdən maksimum faydalanmağa çalışacaqlar. Biz artıq bunun Yaxın Şərqdə, Ukraynada və bundan daha öncə digər yerlərdə şahidi olmuşuq.

Odur ki, ümid yalnız özümüzə, öz dövlətimizə və ordumuzadır. Biz güclü olmalıyıq, əks halda bizi növbəti dəfə sözün bir neçə mənasında parçalayacaqlar...

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2437667.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR