Azərbaycanın Belçikadakı səfirliyinin fəaliyyəti yoxlanılıb

Azərbaycanın Belçikadakı səfirliyinin fəaliyyəti yoxlanılıb
19:37 29 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycan Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib. Toplantıda Azərbaycanın Belçikadakı səfirliyinin fəaliyyəti, dövlət büdcəsinin yerli xərclərindən Yevlax şəhər Təhsil Şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair nəzarət tədbirlərinin nəticələri üzrə hesabatlar müzakirə edilib.
"Report"un Hesablama Palatasına istinadən verdiyi xəbərə görə, dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən, dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Qobustan rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə, dövlət büdcəsinin “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi” bölməsindən "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Qəbələ Suvarma Sistemləri İdarəsinə ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirlərinin nəticələri də müzakirə mövzularından olub.
Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.
Kollegiya iclasında həmçinin İş Planı ilə nəzərdə tutulmuş nəzarət tədbiri üzrə audit proqramı təsdiq edilib.
Bundan başqa, toplantıda “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” və “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” qanun layihələrinə Hesablama Palatasının rəyləri müzakirə edilib. Dövlət büdcəsinin gəlirləri və xərcləri ilə bağlı daha ətraflı məruzə edilərək 2016-cı ilin dövlət büdcəsinin layihəsində əvvəlki illərdən fərqli nəzərdə tutulmuş meyllər diqqətə çatdırılıb, dövlət büdcəsinin kəsiri və dövlət borcu üzrə aparılmış təhlillərin nəticələri barədə məlumat verilib.
Daha sonra DSMF-nin 2016-cı il üçün gəlir və xərcləri barədə məlumat verilib, növbəti ildə nəzərdə tutulmuş ayrı-ayrı tədbirlər üzrə həyata keçirilmiş təhlillərin nəticələri diqqətə çatdırılıb. Qeyd edilib ki, hazırlanmış rəydə ilk dəfə olaraq nəticələr və tövsiyələr ümumiləşdirilərək əks etdirilib.
Kollegiya məruzələri müzakirə edərək bu iki qanun layihələsinin mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlandığını nəzərə alaraq müvafiq rəylərin Milli Məclisə təqdim edilməsi ilə bağlı qərar qəbul edib.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycanin-belcikadaki-sefirliyinin-fealiyyeti-yoxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR