Bakı, 30 sentyabr, AZƏRTAC
“Azərsun Holdinq” şirkətlər qrupuna məxsus “Sun” markası uşaqlar və yeniyetmələr arasında gigiyenanın təbliği məqsədilə növbəti aksiyaya start verib. “Sun” bu məqsədlə Bakının 11 rayonunda fəaliyyət göstərən orta məktəbləri əhatə edəcək layihənin reallaşdırılmasına başlayıb.
AZƏRTAC xəbər verir ki, “Azərsun Holdinq”in rəsmisi Ellada Şiriyeva reallaşdırılan layihənin məqsədinin uşaqlara kiçik yaşlardan gigiyena vərdişlərini aşılamaq və valideynləri mövcud təhlükələr barədə bir daha məlumatlandırmaqdan ibarət olduğunu deyib. Qeyd edib ki, orta məktəblərdə gigiyena tədrisi 1-3-cü sinifləri əhatə edəcək. Bununla bağlı məktəblərdə “Gigiyena tədrisi” proqramı hazırlanıb.
Azərbaycanda gigiyena ilə bağlı çoxsaylı tədris və maarifləndirici kitabların müəllifi, professor Maqsud Qasımov “Sun”un sağlam nəslin yetişdirilməsindəki rolundan danışaraq qeyd edib ki, Azərbaycanda 20 ilə yaxın fəaliyyət göstərən “Sun” məhz ilk yerli kağız markasıdır.
Qeyd olunub ki, 2008 və 2010-cu illərdə “Sun” markası tərəfindən reallaşdırılan “Gigiyena tədrisi” layihəsi minlərlə məktəblini əhatə edib, yeniyetmələrin və məktəblərin maariflənməsinə mühüm töhfələr verib.