Bakı, 30 sentyabr, AZƏRTAC
Türkmənistanın Azərbaycandakı səfirliyinin təşkilati dəstəyi ilə sentyabrın 30-da “Park Inn” otelində “Türkmənistanın bitərəfliyi: bəşəriyyətin sülhyaratma tarixində yeni dövr” mövzusunda elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkmənistanın bitərəfliyinin beynəlxalq səviyyədə tanınmasının 20-ci ildönümünə həsr olunmuş tədbirin əvvəlində iki ölkənin dövlət himnləri səslənib. Sonra Türkmənistanın ölkəmizdəki səfiri Toyli Komekov tədbir iştirakçılarını salamlayıb. Səfir bildirib ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Ağsaqqallar Şurası 2015-ci ili “Bitərəflik və sülh ili” adlandırmaq barədə qərar qəbul edib. Səfir vurğulayıb ki, Bakıda “Türkmənistanın bitərəfliyi: bəşəriyyətin sülhyaratma tarixində yeni dövr” kitabı çap olunub. Kitabda Türkmənistanın xarici siyasətinin, bitərəfliyinin, BMT ilə əməkdaşlığının əsas istiqamətləri əksini tapıb. Diplomat qeyd edib ki, Azərbaycanın və Türkmənistanın dövlət başçıları İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov xalqlarımızın yaxınlaşması, dostluq əlaqələrinin və müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın daha da möhkəmlənməsi üçün böyük səylər göstərirlər.
Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Baba Zahirov vurğulayıb ki, ölkələrimizi ümumi tarix, dil, din, adət-ənənələr və s. birləşdirir. O bildirib ki, Azərbaycan ilə Türkmənistan müstəqillik illərində böyük iqtisadi uğurlar əldə ediblər, bir sıra iri layihələr həyata keçiriblər, beynəlxalq məkanda böyük nüfuz qazanıblar.
Sonra konfrans təklif edilən mövzu ətrafında diskussiyalarla davam edib.
Konfransın işində Milli Məclisin deputatları, diplomatlar, səfirliklərin əməkdaşları, Türkmənistan nümayəndə heyətinin üzvləri, politoloq, alim və tələbələr iştirak ediblər.