Bakı, 1 oktyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri (ETSN) “Xəzər həftəsi” ilə əlaqədar oktyabrın 1-də Bakının Yasamal rayonundakı 225 saylı tam orta məktəbin şagirdləri ilə görüşüblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məktəblilərə Beynəlxalq Dəniz Gününün məqsədi, bu istiqamətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən görülən işlər, həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Eyni zamanda, diskussiya zamanı məktəblilərin ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli sahəsində təklifləri dinlənilib.
Bundan başqa, ETSN-in yerli ərazi ekologiya və təbii sərvətlər şöbəsi tərəfindən Lənkəran Dövlət Pedaqoji Kollecində də tələbələrlə görüş keçirilib. Tələbələr Xəzərin ekoloji problemlərinin həlli istiqamətində görülmüş işlər, onun biomüxtəlifliyinin qorunması, qarşıda duran vəzifələr barədə məlumatlandırılıb, həmçinin onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, “Xəzər həftəsi” çərçivəsində bu kimi tədbirlər respublikanın digər Xəzərsahili şəhər və rayonlarının orta və ali təhsil müəssisələrində də keçirilir.