Azərbaycanda neft-qaz müqavilələrinin yaratdığı mövcud vəziyyət

Azərbaycanda neft-qaz müqavilələrinin yaratdığı mövcud vəziyyət
12:03 28 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir Emil İsmayılov/

Azərbaycanda neft-qaz müqavilələrinin 2014-cü ilin dekabrına olan vəziyyəti

"Azəri-Çıraq-Günəşli"

Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇG) dəniz yataqları blokunun işlənməsi layihəsi üzrə hasilatın pay bölgüsü barədə müqavilə 1994-cü ilin sentyabrında imzalanıb. Razılaşma "Azəri-Çıraq-Günəşli" müqavilə sahəsinin 30 il ərzində işlənməsini nəzərdə tutur.

"Çıraq" yatağında hasilata 1997-ci ildə, "Mərkəzi Azəri"də 2005-ci ilin əvvəlində, "Qərbi Azəri"də 2006-cı ilin əvvəlində və "Şərqi Azəri"də 2006-cı ilin sonunda başlanıb. "Günəşli" yatağının dərin sulu hissəsində hasilat isə 2008-ci ilin yazında başlayıb.

"Azəri-Çıraq-Günəşli" iri yataqlar blokundan hasil olunan neftin pay bölgüsü barədə müqavilənin tərəfdaşları aşağıdakılardır: BP (operator - 35,78%), "Chevron" (11,27%), "Inpex" (10,96%), "AzAÇG" (11,65%), "Statoil" (8,56%), "Exxon" (8%), ТРАО (6,75%), "Itochu" (4,3%) və ONGC [2013-cü ildə "Hess" şirkətinin layihədəki payını aldıqdan sonra] (2,72%)

2014-cü il oktyabrın 1-nə olan məlumata görə, blokda 347 milyon ton neft və 101 milyard kubmetr qaz hasil edilib. Blokda hasil edilən neftin ümumi həcmindən 187 milyon ton Azərbaycanın mənfəət neftinin payına düşüb.

2014-cü ilin yanvar-sentyabr aylarında AÇG blokundan 24,2 milyon ton neft (179 milyon barel) çıxarılıb. Göstərilən dövrdə blokda hasilat 77 quyudan aparılıb.

2014-cü ilin 9 ayı ərzində ВР şirkəti ARDNŞ-yə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) iki milyard kubmetr səmt qazı verilib. AÇG-nin işlənməsi çərçivəsində səmt qazı ARDNŞ-yə pulsuz verilir.

2013-cü ildə AÇG-də 32,2 milyon ton neft (239 milyon barel) hasil edilib. 2012-ci ildə bu rəqəm 32,9 milyon ton olub.

AÇG çərçivəsində "Çıraq" yatağında yeni "Qərbi Çıraq" özülü hesabına hasilatın artırılması layihəsi (layihə "Chirag Oil Project" - COP) çox mühüm layihədir. Özül 2014-cü ilin yanvarında istismara verilib.

"Qərbi Çıraq" özülündə yanvar-sentyabr aylarında beş quyudan hasilatın orta sutkalıq həcmi 38,4 min barel təşkil edib.

Ümumilikdə layihənin reallaşdırılması çərçivəsində (2024-cü ildə AÇG üzrə müqavilənin qüvvədə olduğu müddət başa çatana kimi) 300 milyon bareldən çox neft hasil edilməsi planlaşdırılır. AÇG üzrə neft hasilatının artırılması çərçivəsində tikiləcək yeni özüldən "Azeri Light" növlü neftin hasilatının planlaşdırılan sutkalıq həcmi 183 min barel təşkil edəcək.

"Şahdəniz"

2014-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə əsasən, "Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 2036-cı ildən 2048-ci ilədək uzadıldı, ARDNŞ və BP-nin (layihənin operatoru) layihədəki iştirak payı müvafiq olaraq 16,7 faiz və 28,8 faiz artırıldı.

"Şahdəniz" dəniz yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilənin iştirakçıları BP (operator - 28,8%), "Statoil" (15,5%), NICO (10%), "Total" (l0%), "LUKoyl" (10% ), TPAO (9%) şirkətləri və Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir (ARDNŞ - 16,7%).

Lakin 2014-cü ildə "Şahdəniz"in səhmdarlarının tərkibində dəyişiklik baş verdi. Belə ki, may ayında "Total" özünün layihədəki payını Türkiyənin TPAO şirkətinə satdı və sövdələşmə prosesi başa çatdıqdan sonra sonuncunun layihədəki payı 19 faiz təşkil etdi. Oktyabrda Norveçin "Statoil" şirkəti də layihədəki iştirak payını satdı. Şirkətin 15,5 faizlik iştirak payını Malayziyanın "Petronas" şirkəti aldı. Payın alqı-satqısı prosesi hələ başa çatmayıb.

Yatağın sübut edilmiş ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensatdır.

2014-cü il oktyabrın 1-nə olan məlumata görə, "Şahdəniz" yatağından 55 milyard kubmetr qaz və 14 milyon ton kondensat hasil olunub.

Yataqdan çıxarılan qazın böyük hissəsi ixrac edilib. Bu dövrdə Türkiyəyə 30 milyard, Gürcüstana 4 milyard kubmetr qaz ixrac olunub. Həmçinin qaz Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin nasos stansiyalarına verilir.

2014-cü ilin 3 rübü ərzində "Şahdəniz" yatağından 7,25 milyard kubmetr qaz və 1,72 milyon ton (13,8 milyon barel) kondensat hasil olunub.

"Abşeron"

"Abşeron" layihəsinin iştirakçıları ARDNŞ (40%), Fransanın "Total" (40%) və "Gaz De France Suez" (20%) şirkətləridir.

"Abşeron" strukturu üzrə müqavilə 2009-cu il fevralın 27-də ARDNŞ və "Total" arasında imzalanıb. Daha sonra "Total" müqavilədəki iştirak payının 20 faizini "Gaz De France Suez" şirkətinə satdı. Bu, son dövrlərdə Azərbaycanda bağlanmış ən böyük neft-qaz müqaviləsidir.

Yatağın kəşfi 2011-ci ilin sentyabrında elan edilmişdi. Məlumatların dəqiqləşdirilməsi üçün birinci axtarış quyusunun yan lüləsinin qazılması haqqında qərar qəbul edildi. İşlər 2012-ci ildə başa çatdı.

Birinci axtarış quyusunun nəticələri qaz və kondensatın cəlbedici kommersiya ehtiyatlarının mövcudluğunu göstərir. ARDNŞ geoloqlarının qiymətləndirmələrinə görə, yatağın potensial ehtiyatları 300 milyard kubmetr qaz və 45 milyon ton kondensat təşkil edir.

Hazırda boş qazma qurğusu olmadığına görə yataqda işlər aparılmır. Bütün qazma qurğuları "Azəri-Çıraq-Günəşli" blokunda və "Şahdəniz" yatağında işlərin görülməsinə cəlb edilib.

Azərbaycanda, artıq ilk növbədə ARDNŞ-nin ehtiyacları üçün istifadə ediləcək yeni üzən qazma qurğusunun tikintisinə başlanıb. Ancaq yataqların işlənməsi və ölkədə perspektiv strukturlarda axtarış-qazma işlərinin aparılması üçün üç yeni qazma qurğusuna ehtiyac var.

Proqnozlara əsasən, Xəzərin Azərbaycan sektorundakı "Abşeron" qaz-kondensat yatağından ilk qaz 2021-ci ilin dördüncü rübündə alınacaq. Layihə üzrə son investisiya qərarı 2017-ci ilin dördüncü rübündə qəbul ediləcək, lakin birinci quyunun qazılmasına 2019-cu ilin son rübündə başlanması gözlənilir.

2015-ci ilin ortalarına kimi yatağın işlənməsi proqramının hazırlanmasını başa çatdırmaq və onu Azərbaycan hökumətinə təqdim etmək planlaşdırılır.

Həmçinin qazın yataqdan emalı imkanlarına baxılır. Xüsusilə, variantlardan biri kimi neft və qaz hasilatı üzrə yeni kompleksin yaradılması layihəsi çərçivəsində ARDNŞ tərəfindən tikiləcək yeni qaz emalı zavodunda qazın qismən və ya tam emalı təklif edilir.

"Bahar" və "Qum dəniz"

2009-cu il dekabrın 22-də Bakıda ARDNŞ "Bahar Energy Limited" şirkəti ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Bahar " və "Qum dəniz " yataqları blokunda kəşfiyyat, bərpa, işlənmə və hasilat üzrə PSA tipli müqavilə imzaladı. Müqavilədə iştirak payı aşağıdakı kimi bölüşdürülüb: ARDNŞ - 20 faiz, "Bahar Energy Limited" - 80 faiz.

"Bahar Energy Limited" BƏƏ-də “Jebel Ali” azad iqtisadi zonası ərazisində qeydiyyata alınıb. ARDNŞ 2009-cu il aprelin 16-da bu şirkətlə anlaşma memorandumu imzalayıb.

Müqavilə iki hissədən ibarətdir. Birinci hissə (yataqlar blokunda hasilatın bərpa və sabitləşdirilməsini, ikinci hissə isə "Bahar-2" perspektiv strukturunda kəşfiyyatı nəzərdə tutur.

Ən yaxın illər ərzində Xəzərin Azərbaycan sektorundakı "Bahar" və "Qum dəniz " dəniz yataqları blokunda 58 quyu qazmaq planlaşdırılır.

Həmçinin göstərilən yataqlarda 101 quyunun ("Qum dəniz" yatağında 48, "Bahar”da 53) təkrar işlənməsi, 6 yeni neft platformasının tikintisi və quraşdırılması, 8 köhnə platformanın yenilənməsi və modernləşdirilməsi, "Qum dəniz" neft yatağında və "Bahar" qaz yatağında ikiölçülü (2D) seysmik kəşfiyyatın aparılması, "Bahar-2" perspektiv strukturunun axtarış sahəsində isə üçölçülü (3D) seysmik kəşfiyyat işlərinin aparılması planlaşdırılır.

"Bahar" yatağının bərpası planının birinci mərhələsi çərçivəsində ümumi hasilat 122 milyard kubmetr qaz və 84 milyon barel kondensat həcmində qiymətləndirilir.

"Qum dəniz" neft yatağının bərpası planının I mərhələsi çərçivəsində (reallaşdırılma müddəti göstərilmir) neft hasilatı 207 milyon barel neft və 16,6 milyard kubmetr qaz həcmində qiymətləndirilir.

Müqavilə sonrakı 5 ildə uzadılma imkanı ilə 25 illiyə bağlanıb. Başlanğıc mərhələdə ARDNŞ-nin gəlirli karbohidrogenlərinin payı 40 faiz təşkil edəcək, gələcəkdə isə 90 faizə qədər artırılacaq. İlkin hesablamalara görə, müqaviləyə qoyulmuş investisiyaların həcmi bir milyard dollar təşkil edəcək.

Üç il ərzində ARDNŞ-yə 170 min ton neft və 630 milyon kubmetr qaz pulsuz veriləcək.

"Şəfər-Asiman"

"Şəfəq-Asiman" üzrə müqavilə 2010-cu ilin oktyabrında 30 illiyə imzalanıb. Axtarış dövrü daha 3 il uzadılma imkanı ilə 4 il təşkil edir. Birinci mərhələdə iki quyunun qazılması planlaşdırılır. İkinci mərhələdə zərurət yarandıqda daha iki quyu qazılacaq. İstismar dövrünə keçid zamanı tərəflər layihə çərçivəsində birgə operatorluq edəcəklər. Müqavilədə pay bölgüsü 50-nin 50 faizə nisbətindədir.

"Şəfəq-Asiman" blokunun proqnozlaşdırılan ehtiyatları 500 milyard kubmetr qaz və 65 milyon ton kondensat təşkil edir. Blok Bakıdan 125 kilometr cənub-şərqdə yerləşir. Blokda daha əvvəl axtarış işləri aparılmırdı və o, rezervuarın dərinliyi yeddi min metr olmaqla dənizin 650-800 metr dərinliyində yerləşmişdi.

"BP-Azerbaijan" "Şəfəq-Asiman" perspektiv strukturunda aparılan üçölçülü seysmik tədqiqatların işlənməsini davam etdirir. Məlumatların işlənməsinin başa çatmasından (2015-ci il) sonra birinci axtarış quyusunun planlaşdırılması üzrə işlərin görülməsi üçün daha bir il lazım olacaq.

Perspektiv strukturda qazma işlərinin aparılması üçün də əlavə qazma qurğusu lazımdır.

"Azəri-Çıraq-Günəşli"də dərində yerləşən qaz

1994-cü ildə Azərbaycan və BP tərəfindən imzalanmış "Azəri-Çıraq-Günəşli" yataqları blokunun işlənməsi üzrə müqaviləyə əsasən, layihədəki tərəfdaşlar "Fasilə" lay dəstəsinə qədər neft horizontlarının işlənməsi hüququna malikdirlər. PSA tipli müqavilədə qeyd edildiyi kimi, alt horizontların işlənməsi ayrıca sazişin predmetidir.

Azərbaycanın başqa dəniz yataqları ilə oxşarlığına görə iddia etmək olar ki, "Fasilə" lay dəstəsinin arxasındakı horizontların Qirməki üstü və Qirməki altı qumlu və “Qala” lay dəstələri məhsuldar qalınlığa, həmçinin karbohidrogenlərə malikdir.

Proqnozlara əsasən, burada qaz ehtiyatları 300 milyard kubmetr həcmində qiymətləndirilir.

"Araz-Alov-Şərq"

"Araz-Alov-Şərq" perspektiv dəniz strukturunun işlənməsi layihəsi üzrə tərəfdaşlar aşağıdakılardır: BP (operator - 15%), Norveçin "Statoil" (15%), ABŞ-ın "ExxonMobil" (15%), Türkiyənin TPAO (10%), Kanadanın "Alberta Energy" şirkətləri (5%) və ARDNŞ (40%). Layihəyə zəruri kapital qoyuluşlarının məbləği dörd milyard dollar təşkil edir.

Layihə Azərbaycan və İran arasında Xəzərin statusu məsələsinin həllinə qədər dondurulub.

"Zəfər-Məşəl"

2013-cü ilin yazında ARDNŞ və Norveçin "Statoil" şirkəti "Zəfər" və "Məşəl" perspektiv strukturları üzrə anlaşma memorandumu imzaladılar. Memorandum imzalamasından sonra bir il ərzində danışıqların aparılmasını, əsas ticarət prinsipləri və işlənmə üzrə müqavilənin şərtlərinin uyğunlaşdırılmasını və müqavilənin bağlanmasını nəzərdə tutur.

Son illər ərzində "Statoil" Braziliya və Tanzaniyada yeni iş təcrübəsi əldə edib və indi şirkət bu təcrübəni ARDNŞ ilə bölüşməyə, həmçinin Dövlət Neft Şirkətinin təcrübəsindən istifadə etməyə hazırdır.

"Zəfər" və "Məşəl" dəniz perspektiv strukturlarının işlənməsi üzrə birinci müqavilə 27 aprel 1999-cu il ABŞ-ın "ExxonMobil" şirkəti və ARDNŞ arasında imzalanıb. Layihədə 50 faizlik iştirak payı ARDNŞ-yə, 30 faiz "ExxonMobil" şirkətinə aid idi. 2000-ci ildə qalan 20 faiz ABŞ-ın "Conoco Phillips" şirkətinə verildi.

Layihəyə cəlb edilən investisiyaların həcmi təxminən iki milyard dollar qiymətləndirilir, neftin proqnozlaşdırılan ehtiyatları isə "Zəfər"də 140 milyon ton, “Məşəl”də 40 milyon ton təşkil edir.

ARDNŞ geoloqlarının qiymətləndirmələrinə görə, bu strukturun ehtiyatları 300 milyard kubmetr qaz və 37 milyon ton kondensatdır.

"Naxçıvan"

"Naxçıvan" perspektiv dəniz strukturunun işlənməsinə dair ilk müqavilə 1997-ci il avqustun 1-də imzalanıb. Layihənin iştirakçıları aşağıdakı kimi olub: "ExxonMobil" - 50%, ARDNŞ - 50%.

2010-cu ilin martında ARDNŞ və Almaniyanın RWE şirkəti "Naxçıvan" dəniz perspektiv strukturu üzrə anlaşma memorandumu imzaladılar. Memorandumun şərtlərinə əsasən, 2011-ci il martın 10-dək şirkətlər PSA tipli müqavilənin hazırlanması üçün bütün zəruri işləri görməli idilər. Ancaq indiyə kimi struktur üzrə müqavilə imzalanmayıb.

Strukturun ehtiyatları 300 milyard kubmetr qaz və 40 milyon ton qaz-kondensat həcmində proqnozlaşdırılır.

Abşeron yarımadasının ətrafındakı dayaz sulu sahə

2014-cü il dekabrın 22-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və BP arasında Xəzər dənizinin Azərbaycan sektorunda, Abşeron yarımadasının ətrafındakı dayaz sulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi (HPBS) imzalandı.

Bu saziş Azərbaycan hökumətinin Xəzərin milli sektorundakı bütün dəniz ərazilərinin tam tədqiq olunması ilə bağlı planının bir hissəsidir.

PSA sazişinin əhatə sahəsi Abşeron yarımadasının cənub hissəsinə doğru Xəzər hövzəsinin hüdudları boyunca uzanır. Bu sahəyə suyun dərinliyi 40 metrədək, potensial məhsuldar layın (kollektorun) dərinliyi isə 3000-5000 metr olan ərazilər daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR