Tokio, 3 oktyabr, AZƏRTAC
Kyodo agentliyinin yaydığı məlumata əsasən, oktyabrın 3-də Yaponiyanın Kaqoşima prefekturasında yerləşən “Senday” atom elektrik stansiyasının (AES) yaxınlığında 4,1 bal gücündə zəlzələ baş verib. Həmin AES-in birinci reaktorunun fəaliyyəti avqustda bərpa edilib və hazırda ikinci reaktorun işə salınmasına hazırlıq işləri aparılır.
İlkin məlumatlara görə, yeraltı təkanlar AES-in fəaliyyətində heç bir problem yaratmayıb.
Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə, episentri isə AES-dən şimalda yerləşən Akune şəhərinin yaxınlığında olub. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.
Oktyabrın 2-də Kyodo agentliyi məlumat vermişdi ki, “Senday” AES-in operatoru “Kyushu Electric Power Co.” ikinci reaktoru oktyabrın 14-də işə salmağı planlaşdırır. Sonradan həmin tarix oktyabrın 15-ə dəyişdirilib. AES-dəki ikinci enerji blokuna artıq 157 yanacaq mili yerləşdirilib. Reaktorun işə salınması üçün oktyabrın 9-da son sınaqlar aparılacağı bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio