Milli.Az müğənni Könül Kərimovanın gecce.az-a müsahibəsini təqdim edir.
- Oğlunuz Rəşada çox bağlısız. Hazırda oğlunuz hərbi xidmətdədir. Əsgər anası olmaq necə hissdir? Görüşünə tez-tez gedə bilirsiz?
- Oğlum üçün çox darıxıram. Onu özümdən ayrı təsəvvür etmirəm. O hər an, hər saniyə mənim ürəyimdə, ruhumda və beynimdədir. Tez-tez əlaqə saxlayıram, görüşünə də gedirəm. Nə qədər də vaxtım az olsa, hər şeydən öncə oğlumdur. Ona çox bağlıyam. Əsgər anası olmağı sözlə ifadə edə bilməyəcəm. Yalnız onu deyə bilərəm ki, hər an onun üçün həyəcan keçirirəm, qayıdacağı günün həsrətin çəkirəm.
- Hərbi xidmətdən gələn kimi evləndirməyi düşünürsüz, yoxsa...
- Yox, hələ ki, onu evləndirmək haqqında düşünmürəm. Çünki hələ evimizdə Rəşadın bacısı var. Qızımızı, inşallah, yola salandan bir az sonra onun evlənməyi barədə düşünə bilərəm.
- Sizin kimi sakit təbiətli insanı hansı hərəkət özündən çıxara bilər?
- İnsanlıqdan kənar olan nə varsa, məni özümdən çıxara bilər. Şər, böhtan, yalan, ikiüzlülük, tərbiyəsizlik və haqsızlıq. Daha nələr... Tez özümdən çıxmağım ən pis xüsusiyyətimdir. Həddindən artıq səbirsizəm.
- Qarşınıza şər atan insanlar çox çıxır?
- Təəssüf ki, bəli. Necə deyərlər, mənim saçım nahaqdan ağarmayıb ki.
- Şayiələri yayanlar şou-biznesdəndir?
- Bəli, söhbət şou-biznesdən gedir. Amma qətiyyən onların adını dilimə gətirmək fikrim yoxdur. Ətrafımdakı insanlar həmişə məni sevib və mənimlə qürur duyublar. Bir sözlə, xalqın sevgisini qazanmaq hər müğənniyə nəsib olmur. Mən bu sevgini qazanmışam. Bununla qürur duyuram. Bu mənim ən böyük mükafatımdır.
- Könul xanım duet ortaqlarınız çox olub. Hansı duet ortağınız üçün darıxırsız?
- Özünüz də bilmədən məni kövrəltdiniz. İndiyə kimi heç yerdə demədiyim sözü deyəcəyəm. Bu, əlbəttə ki, içimdən gəldi. Məhəbbət Kazımov üçün çox darıxıram, həm də çox (kövrəlir).
- Keçmiş günlərinizi tez-tez xatırlayırsız?
- Bəli, onunla keçən hər bir gün üçün kövrəlirəm. Allah ona rəhmət etsin. Ümumiyyətlə, deyim ki, keçmişim mənə çox əziz və dəyərlidir. Mən keçmişimlə yaşayan insanam. Hərdən mənə yaxınlarım irad tuturlar ki, nə qədər keçmişdən danışmaq olar? Unut getsin. Bax bu söz mənə xoş gəlmir. Mən keçmişimi unuda bilmirəm. İstər acı, istərsə də şirin... Hamısı yaşadığım acılı-şirinli həqiqətdir. Amma bədbinliyə çox qapanmaq istəmirəm.
- Avtomobil idarə edə bilirsiz?
- Bəli, pis sürücü deyiləm. Hazırda sükan arxasında mən deyiləm. Bir müddət maşın idarə etdim, sonra gördüm ki, mənlik deyil.
- Nə sizlik deyildi?
- İçimdə bir təlaş, həyəcan vardı. Bu hisslərdən uzaqlaşa bilmədiyiçün əziyyət çəkirdim. Ona görə də əl çəkdim bu "avtoşluq"dan (gülür). Avtomobil idarə edən xanımlara çox həsəd aparıram, çünki bizim xanımlara avtomobil çox gözəl yaraşır.
- Ən sevdiyiniz məşğuliyyətiniz nədir?
- Mətbəxdə gün keçirmək. Mətbəxi çox sevirəm. Bu, məncə, bütün Azərbaycan xanımlarına xas olan xüsusiyyətdir. Bişirdiyim yeməklərin dadından doymaq olmaz.
- Bəziləri fikirləşirlər ki, Könül xanımın günü ancaq səhnə, çəkilişdə keçir. Mətbəxə, ailəyə nə qədər zaman ayıra bilirsiz?
- Günün bir hissəsini toyda, yaxud çəkilişdə oluram. Qalan xırda-para işlərimi də gördüm, qalan günümü evdə keçirirəm.
- Stilistlə çalışırsız?
- Bəli. Çünki stilistə hər zaman ehtiyacım var.
- Özünüz haqqında zövqsüz müğənni kəlməsini eşitmisiz?
- Bəli, eşitmişəm və o saat nəticə çıxarmışam. Belə iradlardan incimirəm. Əgər bu irad olaraq, mənə bildirilirsə, bu, mənim yox, hansısa moda evinin günahı olub.
- Könül xanım, adınız bir ara ən çox əməliyyat keçirən müğənnilərin siyahısında hallandı. Razısız bu fikirlə?
- Xeyr, bu sözü gözü kor olan insanlar yayıblar. Mən bircə dəfə estetik burun əməliyyatı keçirmişəm, sadəcə eyni əməliyyatı iki dəfə keçirməli olmuşam. Vəssalam. İnsanlar başa düşmürlər ki, gözəllik ondursa, doqquzu dondur. Şayiəni yayanlar aciz insanlardır. Geyinib, keçinirsən, zövqlü görünən kimi o dəqiqə bir sual ortaya çıxır ki, görəsən, bu neçə dəfə əməliyyat etdirib? Bax bu da çox cılız və aciz insanların dünyagörüşündən xəbər verir. Saç, geyim, makiyaj gözəl görünmək üçün əsas şərtdir. Heç idmanla da məşğul olmuram. Sadəcə, lazım olanda iştahıma hakim ola bilirəm.
Milli.Az



