Moiseyi Məhəmmədə çevirən qüvvə

"- Ata, sən Allaha inanırsan?

- (bir neçə saniyə düşündükdən sonra cavab verir) Allaha inanmaq mənə qismət olmayıb..."

"...Sənin ağlın topuğundadır, topuğun da çox dərin düşünür..."

Dialoq Momo (aktyor Murad İsmayılov) ilə atası (əməkdar artist Sabir Məmmədov) arasında gecə saat 3-də baş verir. Qənaət isə Müsyö İbrahimin (xalq artisti Fuad Poladov) Momo haqqındakı qənaətidi. Momo Moisey adının qısaldılmış şəklidir. Moisey onu "Momo" deyə çağıran Müsyö İbrahimə: "Mənim adım Momo deyil, Moiseydi". Müsyö İbrahim Moiseyə: "Bilirəm. Səni ona görə "Momo" deyə çağırıram ki, yol verə biləcəyin nataraz hərəkətlərinlə peyğəmbərin adına ləkə salmayasan".

Dialoqlar və replikalar müasir fransız yazıçısı və dramaturqu Erik-Emmanuel Şmittin (1960) "Müsyö İbrahim və Quran çiçəyi" əsərinin (tərcümə Yaşara məxsusdur) dünən Akademik Milli Dram Teatrında baş tutan eyniadlı tamaşasındandır (quruluşçu rejissor Ərşad Ələkbərov). Ədib bu əsəri 1999-cu ildə qələmə alıb. Bu əsər müəllifin buddizm və iudaizimdən "Milarella", sufizm və iudaizmdən "Müsyö İbrahim və Quran çiçəyi", xristianlıqdan "Oskar və Çəhrayı Qadın" və xristianlıq və iudaizimdən bəhs edən "Nuhun övladları" əsərlərindən ibarət olan "Görünməz silsiləsi"nə daxildi.

Yəhudi Momo ilə aypara ölkəsindən olan müsəlman, sutkanın bütün saatlarında baqqal dükanı açıq olduğuna görə yerli əhalinin ərəb kimi tanıdığı Müsyö İbrahim Parisin Mavi küçəsində qonşudurlar. Əsərin süjeti əvvəlcə anası, sonra isə atası tərəfindən atılan Moiseyin müsyö İbrahimlə dostluğunun doğmalığa keçməsi nəticəsində Məhəmmədə çevrilməsi üzərində qurulub.

Böyük səhnənin tamaşasının kamera tamaşasına çevrilməsi

Müasir dünyanın ən qabarıq mətləblərindən birini səhnəyə gətirməkdən əlavə bu tamaşa Sankt-Peterburqda fəaliyyət göstərən rejissor Ə.Ələkbərovun bu teatrda debütü və zəmanəmizin iki möhtəşəm aktyorları olan Fuad Poladovun və əməkdar artist, Ana rolunun ifaçısı Mehriban Zəkinin bu teatrın səhnəsində bir daha görünmələri ilə də əlamətdar oldu. İlk premyeranın start nöqtəsi anşlaq təsiri bağışlasa da, əvvəlki səhnələrdə bu təəssürat dağılmağa başladı - zalı birinci olaraq tərk edənlər açıq-saçıq səhnələri yolverilməz hesab edən tamaşaçılar idisə, zaldan sonrakı "mühacirət" dalğasına səbəb isə tamaşanın 80 dəqiqəlik birinci hissəsinin yarısının donuqluğu və darıxdırıcılığı oldu. Bu əhvalı həmin vaxt səhnədə daha çox olan və ya sonrakı səhnələrin birində müsyö İbrahimin dediyi kimi "vurnuxan" Momo törədirdi. Sanki, Momonun atasının xasiyyətindən gələn hər şeydən və hamıdan şübhələnmək, hər şeyi və hamını tənqid etmək cəhətinin təzyiqi altında sıxılması aktyorun oyununda üzə çıxan əks-səda idi. Bu əks-səda atasının onu atıb getməsindən dərhal sonra yoxa çıxdı - Momo məcazi və müstəqim mənada əl-qol açdı, eyni zamanda özünü sakit aparmağa başladı (müsyö İbrahim Momoya: "Dostlarının çox olmasını istəyirsənsə, vurnuxma, gülümsə və özünü sakit, təmkinli apar"). Və bu yüksəliş vəziyyəti ta müsyö İbrahimin yol-nəqliyyat qəzası üzündən bu dünyanı tərk etməsi səhnəsinə qədər davam etdi. Ondan sonra, təəssüf ki, donuqluq və darıxdırıcılıq tamaşanın halqasını qapadan halqaya çevrildi.

Tamaşaçı reaksiyasına qayıdıb, demək istəyirəm ki, səhnədə birbaşa mənada çılpaqlığa yol verilməsə də, açıq-saçıq səhnələr imitasiya və eyhamlardan ibarət olsa da, tamaşaçıların zalı tərk etməsinə əsas səbəb məhz bu oldu. Beləliklə, antraktdan sonra 60 dəqiqəlik ikinci hissə kamera tamaşası şəraitində keçdi. Sonadək zalda qalan tamaşaçılar arasında ədəbiyyat və incəsənət adamları, eləcə də teatrın aktyorları az deyildi - Fərəh Əliyeva, Fəxrəddin Manafov, Lüdmila Duxovnaya, Aydın Talıbzadə, Pərviz Məmmədrzayev, Paşa Qəlbinur, Rasim Qaraca, Oqtay Əliyev, Afaq Məsud, Rəşad Əhmədzadə, Sənubər İsgəndərli, Hicran Nəsirova, Kazım Abdullayev və başqaları. Lojadan isə Ziyafət Əsgərovla Elmar Qasımovun oturduğunu müşahidə etdik.

F.Poladovla M.Zəkinin tamaşaçıların ümidlərini bu dəfə də doğrultmalarından başqa S.Məmmədovun, Qız rolunda çıxış edən Fidan Cəfərovanın da obrazlarına diqqət, səliqə və canlanma ilə yanaşmaları ilə yanaşı tamaşanın diqqət çəkən cəhətlərindən biri kimi uğurlu musiqi həllini (Kamil İsmayılov) və Momonun özünü qatarın altına atmış atasının ruhu ilə yəhudi musiqisinin sədaları altında çarpışma-rəqs səhnəsi də qeyd olunmalıdı. Bu səhnədə rejissor aktyorların plastikasını üzə çıxarmağa maksimum dərəcədə müvəffəq olmuşdu. Iki hissəli dram tamaşasının dövrün və məkanın ab-havasını çatdıracaq dərəcədə tərtib edilmiş dekorasiyası (quruluşçu rəssam Samirə Həsənova) və yerli-yerində olan işıq effektləri (işıq üzrə rəssam rafael Həsənov) Akademik Milli Dram Teatrının yeni mövsümdə ilk premyerasını baş tutmuş hesab eləməyə əsas verən cəhətlərin sırasını dolğunlaşdırdı.

Əsər və tamaşa - fərq, təəccüb və təəssüf

Əsərin adına və süjetə görə müsyö İbrahimin Moisey-Momoya, finalda artıq Məhəmmədə bağışladığı Qurani-Kərimin arasından iki qurumuş çiçəyin tapılmasının tamaşada göstərilməməsi birinci hissədə müsyö İbrahim tərəfindən yüngül əxlaqlı qızlardan birinə və Brijit Bardoya bağışladığı al qırmızı çiçəklə əvəzləndi.

Əsərdə təəccüb və təəssüf doğuran cəhət də yox deyil - Momonun müsyö İbrahimlə Parisdən Bosfor sahillərinə kimi gedib-çıxan səyahəti zamanı gözübağlı şəklidə müxtəlif dinlərə aid müqəddəs məkanları qoxularına görə ayırd etməsi zamanı məscidi ayaq iyinə görə tapması, başqa sözlə, hər namazdan öncə ayadları da daxil olmaqla yuyunub dəstəmaz alan kəsləri müəllifin belə xarakterizə etməsi. Bütün insanların Allahın dərgahında eyni müstəvidə olduğunun əlamətini daha estetik tərzdə ifadə etmək olardı.

Samirə Behbudqızı
Milli.Az