Mingəçevir, 3 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Oktyabrın 3-də “Fəal ailəm, sağlam aləm” proqramı çərçivəsində Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində rayonlar üzrə ailəvi idman təsnifat yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Olimpiya Komitəsi, Gənclər və İdman, Təhsil nazirliklərinin birgə həyata keçirdiyi bu proqram “Bakı-2015” birinci Avropa Oyunlarının sosial idman irsi elan edilib. Mingəçevirdə keçirilən ailəvi idman təsnifat yarışında 20 şəhər və rayondan eyni sayda ailə komandası iştirak edib.
Tədbirdə Milli Olimpiya Komitəsinin baş məsləhətçisi, beynəlxalq dərəcəli hakim Vaqif Əliyev, şəhər icra hakimiyyətinin, gənclər və idman idarəsinin, təhsil şöbəsinin rəhbər şəxsləri çıxış ediblər. Məlumat verilib ki, proqramın keçirilməsində əsas məqsəd ölkədə bədən tərbiyəsi və idmanın kütləviliyinə, həmçinin Olimpiya hərəkatının genişləndirilməsi təşəbbüsünə dəstək olmaq, o cümlədən 2015-ci ildə Bakıda ən yüksək səviyyədə keçirilən birinci Avropa Oyunlarının sosial idman irsini davam etdirmək üçün ailəvi idman mühitini təşviq etməklə daha çox insanı bədən tərbiyəsi və idmanla məşğul olmağa həvəsləndirməkdir. Bildirilib ki, “Fəal ailəm, sağlam aləm” proqramı sağlam həyat tərzini təbliğ etməklə daha çox insanın, xüsusilə uşaq və valideynlərin Olimpiya hərəkatına cəlb olunmasına kömək edir. Bu cür layihələrin təşkili Azərbaycanda ailə idmanının inkişafına əhəmiyyətli töhfə verəcək.
Çıxışlardan sonra müxtəlif idman növlərindən ibarət şən və təhlükəsiz oyunlara start verilib. Yarış iştirakçıları idmanın əsasən voleybol, basketbol, badminton və yüngül atletika növləri üzrə mübarizə aparıblar. Qalib komandalar yarışın Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.
Yarış iştirakçılarına diplom və qiymətli hədiyyələr təqdim olunub.