Azərbaycanlı və türk aktyorların birgə rol aldıqları "Bir ovuc sonsuzluq" filminin çəkilişləri artıq başa çatıb. Filmin rejissoru və ssenaristi Battal Qazi Karabulak çəkilişlər barəsində müsahibə verib.
- Bu film sizin Azərbaycandakı ilk böyük layihənizdir. İlk gəldiyiniz gündən bu günə qədərki zaman necə keçdi?
- Möhtəşəm bir film ərsəyə gəldi. Çəkiliş çox keyfiyyətli, aktyorlar əla idilər. Azərbaycanda ilk işim olduğu doğrudur. Hər bir layihədə müəyyən problemlər yaşanır, bizimki də istisna olmadı. Əsas olan isə nəticədir, nəticə isə gözəl oldu.
- Tamaşaçıları necə film gözləyir?
- Mən ssenarist və rejissor olaraq hər səhnədə monitor arxasında ağladımsa, bu o deməkdir ki, tamaşaçını mükəmməl bir film gözləyir.
- Bildiyimizə görə, filmin montajı Türkiyədə gerçəkləşəcək. Bəs film özü tam olaraq nə vaxt hazır olacaq?
- Hal-hazırda filmin montaj işləri qalıb. Montaj, kolor və digər proseslər isə Türkiyədə həyata keçiriləcək. Filmimiz, inşallah, 45 gün ərzində hazır olacaq.
- Çəkiliş zamanı yaşanan gülməli hadisələr hansı oldu?
- Çəkiliş prosesi çox əyləncəli keçdi. Gülməli və maraqlı hadisələr həddən artıq çoxdu. Hansı birini danışım, bilmirəm... Bunları kamera arxası görüntülər olaraq paylaşacağıq.
- Filmdə çalışdığınız aktyorlarla yenidən bir layihədə işbirliyi quracaqsınız?
- Eyni aktyorlarla təkrar işləyərəm, təbii ki, uyğun bir proyekt olsa.
- Hansı aktyorun oyununa valeh oldunuz?
- Bütün aktyorların işini bəyəndim, hamısı öz obrazının öhdəsindən layiqincə gəldi. Amma tək bir ad istəyirsizsə, Günay Əhmədi vurğulaya bilərəm.
- Filmdə "Kurtlar vadisi" serialından tanıdığımız peşəkar aktyor Selçuk Özər də rol alıb. Aktyorun çəkiliş zamanı hər hansısa kaprizləri oldumu?
- Selçuk Özər çox peşəkar bir aktyor, sıfır kaprizli bir adamdır. Onunla çalışmaq zövq verdi. Selçuk Özərin bu layihədə yer almağı filmimizin keyfiyyətini yüksəltdi.
- Selçuk Özərin obrazından danışaq bir az. O, Azərbaycan tamaşaçısının qarşısına hansı obrazla çıxacaq?
- Selçuk Özər çox qayğıkeş, sevilən, dünyagörüşlü bir xarakter olaraq qarşınıza çıxacaq.
- Çəkilişlər zamanı yaşanan problemlərdən danışaq...
- Dediyim kimi, çox hadisələr yaşandı. Çəkiliş etdiyimiz maşın xarab oldu. Bütün heyət maşını itələyərək çəkilişi başa çatdırdıq. Aktrisalarmızdan xəstələnənlər oldu. Hətta bir aktrisamız - Nərgiz Əliyeva - yıxılaraq ayağından zədə aldı. Gözə, nəzərə gəldik. Amma bütün bunlara baxmayaraq işi sona qədər uğurla bitirə bildik.
Qeyd edək ki, filmin informasiya dəstəyi Day.Az, Trend və Milli.Az saytlarına aiddir.
Milli.Az






















