Bakı, 5 oktyabr, AZƏRTAC
Bu ilin sentyabrında 4 milyon 797 min 43 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Bu dövrdə 393 partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) AZƏRTAC-a bildiriblər ki, əməliyyatlarda 488 minaaxtaran mütəxəssis və 112 nəfərdən ibarət yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.
İndiyədək cəmi 305 milyon 765 min 807 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 713 min 694-dir.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Gəncə, Yevlax, Sumqayıt, Ağdam, Xocavənd, Lənkəran, Ağstafa, Füzuli, Goranboy, Qaradağ, Abşeron və Tərtər rayonlarında davam etdirilir.
Ay ərzində bir mina/PHS hadisəsi qeydə alınıb.