Topaz Premyer Liqasında Avro-2016-nın seçmə mərhələsi ilə bağlı yaranan fasilə zamanı da Zirədə futbol gecəsi yaşandı. "Zirə"nin qonaqları var idi. İdman jurnalistləri də fasilədən istifadə edərək qələmi topla əvəz etmək qərarına gəlmişdilər. Elə çempionatın təşkilatçısı Peşəkar Futbol Liqasının təşəbbüsü ilə idman jurnalistləri ilə "Zirə"nin məşqçi və inzibati heyəti meydanda görüşdülər. 4 komandanın yarışdığı mini-turnir çox gərgin keçdi. Sonda kimin qalib gəlməsindən asılı olmayaraq, çox maraqlı və klub-media münasibətləri baxımından olduqca yüksək səviyyəli futbol gecəsi alındı. Mini-turnir başa çatdıqdan sonra jurnalistlərlə klubun üzvləri süfrə arxasında əyləşdilər. "Zirə"nin prezidenti Vüqar Astanov idman jurnalistlərini salamladı və onları stadionda görməkdən məmnun olduğunu dedi. Klub prezidenti həmçinin bu gözəl təşəbbüsün müəllifi olan Peşəkar Futbol Liqasına da təşəkkür etdi. Üzərində "Zirə"nin loqosu əks olunan tort kəsildikdən sonra futbol gecəsi maraqlı müzakirələrlə davam etdi.
Milli.Az




















