Tokio, 9 oktyabr, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyanı suriyalı qaçqınların problemlərini həll etmək üçün daha fəal mövqe nümayiş etdirməyə çağırıb.
NHK televiziya kanalının məlumatına görə, bu çağırışı Prezident Rəcəb Tayyib Ərdoğan Vaseda Universitetinin müəllim-tələbə heyəti ilə keçirilən görüş zamanı çıxışında səsləndirib.
Suriyada yaranmış vəziyyəti II Dünya müharibəsindən sonra ən gərgin vəziyyət adlandıran R.T.Ərdoğan Türkiyənin Suriyadan və İraqdan 2,2 milyon qaçqın qəbul etdiyini bildirib. Prezident diqqətə çatdırıb ki, qaçqınların yerləşdirilməsinə Türkiyə hökuməti 7,8 milyard dollar vəsait sərf edib.
Avropa ölkələrinin problemə münasibətindən narazılığını ifadə edən Türkiyə Prezidenti onların nəinki öz qapılarını bu insanların üzünə bağladığını, hətta Aralıq dənizində həlak olan qaçqınları görməməzliyə vurduqlarını deyib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio