Bakı, 12 oktyabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin elektron xidmətlər portalında 2011-2012-ci ildən başlayaraq 6 elektron xidmət əhalinin istifadəsinə verilib.
Bu barədə AZƏRTAC-a müsahibəsində Mədəniyyət və Turizm Nazirliyinin aparat rəhbəri Rafiq Bayramov bildirib.
R.Bayramov deyib ki, onlardan 2-si Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilib. 2015-ci ildə nazirlik 3 yeni xidməti öz resurslarında yerləşdirib. Bu xidmətlərdən 2-si Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunub. Hazırda nazirlik 10 elektron xidmət təqdim edir. Bununla yanaşı, “Açıq Hökumət” məlumat portalına nazirlik tərəfindən 8 servis əlavə olunub. Həmçinin nazirlik “Elektron Hökumət” portalı vasitəsilə turizm fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin lisenziyaları haqqında arayışların verilməsini də təmin edib.
Aparat rəhbəri qeyd edib ki, cari ilin sentyabr ayı ərzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 9-dan artıq elektron xidmət “Elektron Hökumət” portalına inteqrasiya olunub.
Qeyd olunub ki, dövlət qurumları arasında ilk olaraq Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasının qərarına əsasən lisenziyalarla bağlı müraciətlər 2012-ci ildən onlayn qəbul edilir və lisenziyalar haqda məlumatlar elektron formada təqdim olunur. Bu da Azərbaycan Respublikasının Prezidentinin 31 avqust 2015-ci il tarixli Fərmanından irəli gələn bəzi məsələləri özündə əks etdirir.