Son illər artan seksual motivli cinayətlərin, zorlama faktlarının fonunda bir neçə sual tez-tez gündəmə gəlir: Bu tipli neqativ halların qarşısını necə almaq olar? Bəlkə, məktəblərdə seksual maariflənmə aparılsın, şagirdlərə hələ yeniyetmə yaşlarından cinsəllik, seksual münasibətlər barədə dərslər keçirilsin? Belə dərslər artan cinayətlərin qarşısını ala bilərmi, valideynlər bu dərsləri etirazla qarşılamazlarmı?

Milli.Az bu suallara cavab tapmaq üçün tanınmış qələm adamlarına, sənətçilərə və ekspertlərə müraciət edib.

Yazıçı-publisist Murad Köhnəqalanın fikrincə, Azərbaycan kimi keçid dövrünü yaşayan ölkələr belə məsələlərdə sivil cəmiyyətlərin təcrübəsini öyrənməlidir: "Bu mənada Avropa ölkələrinin təcrübəsi çox rahat və təbiidir. Məsələn, İsveçdə uşaq 14 yaşına qədər mələk, toxunulmaz sayılır, yəni bu yaşa qədər olan uşaqlar valideyn və müəllim təlim-tərbiyəsi altında olurlar. Lakin 14 yaşdan sonra onlar sevdikləri insanla intim həyat yaşamaqda azad olurlar. Avropalı uşaqlar 14 yaşından sonra sevdikləri, yaxud istədikləri adamla sərbəst görüşə gedir, öpüşür və hətta sekslə məşğul ola bilirlər. Onlar evliliyə qədər belə böyüyür, ailə qurana, dünyaya uşaq gətirənə kimi insanlar arasında seçim eləmək imkanı qazanırlar. Məhz bu azadlıqlarına görə Avropa cəmiyyətlərində heç bir gərginliyə, seksual aclığa rast gəlinmir. Bu ölkələrdə altıncı sinifdən başlayaraq insanın bədən üzvlərinin funksiyası və seks haqqında bilgilər verilir.

Deyim ki, bu bilgilər Rusiya məktəblərində də erkən tədris edilir. Ancaq qadının bakirəliyi üstündə əsən, yengə institutunun fəal olduğu cəmiyyətlərdə oxşar dərslərin keçilməsinin effektli olmasına heç də inanmıram. Bizim orta məktəblərdə psixoloqlara daha çox ehtiyac duyulmaqdadır. Ancaq hər halda buzları da tədricən sındırmaq lazımdır".

Sosioloq Sənubər Heydərova belə bir təcrübənin faydalı ola biləcəyini düşünür: "Bu təcrübə dünyanın bir çox ölkəsində tətbiq olunur. Bizim QHT-lər bir neçə dəfə cəhd etdilər, lakin bizim insanlar bu mövzunu açıq müzakirə etməyə hazır olmadıqları üçün baş tutmadı. Valideynlər "uşaqlarımıza tərbiyəsiz şeylər öyrədirlər" deyib məktəbə hücum etdilər.
Məncə, bu mövzularda maarifləndirməni valideynlərlə birgə keçirmək lazımdır. TV-lərin köməyindən də istifadə edərək insanlara çatdırmaq olar ki, "cinsi maarifləndirmə" pornoqrafiya deyil, sağlamlıq üçün vacib olan bilgiləri əldə etmək üçündür".

Müğənni, ictimai fəal Nura Suri bu tipli maarifləndirməyə o qədər də ümid bəsləmir: "Bütün dünyada cinsi azlıqların sayı artır. Bunun qarşısını almaq məqsədi ilə görülən işlərdən biri də məktəblərdə cinsi maarifləndirmədir. Amma aparılmasa, yaxşıdır, çünki heç bir xeyri olmur".

Müğənni bu məsələlər barədə fikrinin niyə dəyişdiyini də açıqladı: "Əslində, əvvəllər düşünürdüm ki, nə qədər savadlı, gözüaçıq olsalar, bəlkə, bir o qədər təcavüzə məruz qalanların sayı azalar. Ancaq sonra gördüm ki, heç də belə deyil.
Gənclərin psixologiyasına təsir edən filmlər, kompüter oyunları artır. Televiziyalarda maarifləndirmə verilişləri yox dərəcəsindədir. Səhər gözümüzü saytların yazdığı bəd xəbərlərlə açırıq.
Bilirsiniz, dünyada qlobal resurslar azaldıqca böyük güclər insanların sayını azaltmaq istəyir. Buna görə də cinsi azlıqların sayı artır, müharibələr çoxalır, kütləvi xəstəliklər bir-birini əvəz edir. Ümumiyyətlə, bu problem çox dərindir və həlli mümkünsüzdür".

Psixoloq Elnur Rüstəmovun da rəyini aldıq. O, məsələyə qısa və konkret münasibət bildirdi: "Seksual yox, cinsi maarifləndirmə aparılmalıdır. Özü də əsasən orta məktəbin yuxarı siniflərində - şagirdlərin yeniyetməlik dövründə.
Psixoloq valideynlərin ehtimal olunan narazılığı ilə bağlı sualımızı cavablandırarkən narahatlıq üçün səbəb görmədiyini dedi: "Dərslər yaxşı təşkil edilsə, valideynlərə izah edilsə, etiraz etməzlər".

Yazar Sevinc Elsevər bu məsələ ilə bağlı narahatlıq keçirir: "Bu, məni narahat edən məsələlərdəndir. Bu söhbətləri necə aparmalıyıq, haradan, necə başlamalıyıq? Bizim mentalitetdə valideynlə övlad arasında pərdə var. Valideynlərlə uşaqlar səmimi ola bilmirlər. Bəzi valideynlər uşaqlarını yanlış yönləndirirlər.

Yaxşı olardı, məktəblərdə bu sahə ilə mütəxəssislər, psixoloqlar, həkimlər məşğul olsunlar. Xüsusi kitabçalar paylansın, maarifləndirmə işləri aparılsın.
Uşaqlar yeniyetməliyə qədəm qoyduqları ərəfələrdə cinsəllik barədə məlumat almalı, dövrümüzdə yayılan bir çox cinsi xəstəliklərdən xəbərdar olmalıdırlar. Dini kitablarda deyilir ki, zina etmə, cəhənnəmdə yanarsan. Bunu tabu şəklində deyəndə adamda qadağaları pozmaq istəyi yaranır. Amma "Orqanizmini öz orqanizmin kimi tanımadığın bir adamla öpüşərək də ən qorxulu xəstəliyə yoluxa bilərsən" deməklə xüsusən oğlan uşaqlarını təsadüfi cinsi əlaqələrdən çəkindirmək olar.
Bütün bu bilgiləri uşaqlara müəyyən broşürlərlə, kitabçalarla da çatdırmaq olar. Səhiyyə Nazirliyinin işçiləri məktəblərdə bu mövzuda söhbət aparsalar, xeyli faydası olar".

Tanınmış jurnalist, Bilik Fondunun əməkdaşı Ramilə Qurbanlı bu işin intellektual müstəvidə aparılmasının tərəfdarıdır: "Bunun bir sivil, intellektual yolu tapılmalıdır. Sovet dövlətinin son illərində məktəb proqramlarına "Ailə" dərsi salınmışdı. Eyniadlı dərsliyi də var idi. İntim mövzular orada üstüörtülü, amma şagirdin anlaya biləcəyi tərzdə verilirdi. O vaxt 9-cu sinif şagirdləri üçün ən maraqlı dərslik həmin dərslik, ən maraqlı dərs də həmin dərs olardı, çünki yaşına görə onu maraqlandıran, amma heç yerdə cavab tapa bilmədiyi suallara həmin dərslikdə ipucu verilirdi.
İndi buna tələbat daha çoxdur, çünki o yaşda şagird bu günün "azadlığının" içində düzgün istiqamət götürməz, yanlış həyat tərzi seçər. Elə bir dərslik lazımdır yox, vacibdir.
Bu mövzuların öyrənilməsinə 7-8-ci sinifdən başlamaq olar. Yenə deyirəm, çox abartmadan, mübhəm, sivil, tərbiyəli bir dərslik olmalıdır".

Sevinc
Milli.Az