Kürdəmir, 14 oktyabr, AZƏRTAC
Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsində müstəsna yer tutan və əsrlərdən bəri milli mənəvi varlığımızın ayrılmaz tərkib hissəsinə çevrilən “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyi münasibətilə Kürdəmirdə “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, YAP rayon təşkilatının inzibati binasının akt zalında rayon ziyalılarının, tarixçilərin, gənclərin, ədəbiyyatsevərlərin iştirak etdikləri “dəyirmi masa”nı rayon icra hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli açaraq, ötən müddət ərzində “Dədə Qorqud” dastanları ilə bağlı çox sayda araşdırmalar aparıldığını diqqətə çatdırıb və qorqudşünaslığın ayrıca sahə kimi formalaşdırılması istiqamətində mühüm addımlar atıldığını vurğulayıb. Qeyd edib ki, 2000-ci ildə “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin UNESCO xətti ilə beynəlxalq səviyyədə qeyd edilməsi abidənin dünyaya tanıdılmasında yeni mərhələnin başlanğıcı olub. O vurğulayıb ki, “Kitabi-Dədə Qorqud” barədə hər zaman danışılacaq, bu nadir inci bəşəriyyət üçün əhəmiyyətli mədəniyyət hadisəsi kimi dəyərləndiriləcək.
“Dəyirmi masa”da tarix müəllimi Gülbəniz İbrahimova, mərkəzləşdirilmiş kitabxana sisteminin direktor müavini İradə Mahmudova, ədəbiyyat müəllimi Əsbət Musayeva və başqaları çıxış edərək “Kitabi-Dədə Qorqud”un tariximiz, mədəniyyətimiz, ictimai fikrimiz, sözümüz və epos yaradıcılığımız haqqında zəngin bir xəzinə olduğunu bildiriblər.