Paris, 14 oktyabr, AZƏRTAC
Paris şəhərinin 7-ci rayonunun meriyası “Dadlılar həftəsi” çərçivəsində rayonun ərazisində fəaliyyət göstərən səfirliklər və mədəniyyət mərkəzlərinin iştirakı ilə mətbəx sərgisi təşkil edib. Meriyanın binasında keçirilmiş sərgidə Azərbaycan mətbəxinin nümunələri də təqdim olunub.
Belə tədbirlərin təşkili rayon ərazisində yaşayan müxtəlif xalqların nümayəndələri arasında mehriban əməkdaşlıq, səmimi dostluq münasibətlərinin qurulmasında, onların bir–birinin mədəniyyətini, adət-ənənələrini öyrənməsində mühüm rol oynayır.
Milli mətbəxlərin təqdimatına həsr olunan bu sərgidə ölkəmizi Fransadakı səfirliyimizin təşkilatı dəstəyi ilə Azərbaycan Evi Assosiasiyası təmsil edib.
Azərbaycan stendində milli mətbəximizin nümunələri - şəkərbura, paxlava, meyvə şirələri və mürəbbələrlə yanaşı, milli adət-ənənələrimizi əks etdirən eksponatlar, ölkəmiz haqqında fransız dilində nəşr edilmiş müxtəlif çap məhsulları da təqdim edilib.
Azərbaycan milli mətbəxinin ləziz nümunələri olan şəkərbura və paxlava tədbirdə iştirak edən fransızlar, eləcə də digər xalqların nümayəndələrinin böyük marağına səbəb olub.
Sərgidə Rusiya, Bolqarıstan, Əlcəzair, Finlandiya, Almaniya, Avstriya, Ukrayna, Efiopiya, Zambiya kimi ölkələrin səfirlikləri və mədəniyyət mərkəzləri də milli mətbəx nümunələrini təqdim ediblər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris



