Xalq artisti Aygün Kazımova müğənni Natavan Həbibinin onun ölkədən çıxması ilə bağlı dediyi sözlərə reaksiya bildirib.

Axşam.az-ın məlumatına görə, Aygün bu haqda sosial şəbəkədə yazıb:

"Azərbaycanımızın qanunları hər bir Azərbaycan vətəndaşı üçün qanundur. Elə mən özüm başda olmaqla... Mənə "savadsız" deyənin özü isə savadsızın yekəsidir. Gedin, qanunları yaxşı-yaxşı öyrənin. 30 il heç 30 saniyə də olmadı. "Hayastan" siyasəti aparma mənim vətənimdə. Rədd ol mənim məmləkətimdən, rədd ol!"

Qeyd edək ki, Natavan Aygünün ondan üzr istəməyəcəyi təqdirdə ölkədən çıxışına 30 illik qadağa qoyulduğunu desə də, dünən xalq artisti İstanbula yola düşüb. Sosial şəbəkədə təyyarədə çəkilmiş fotosunu paylaşan xalq artisti "Di, salamat qalın" yazaraq gülüş işarəsi qoyub.

Müğənni Natavan Həbibi isə aralarındakı məhkəmə prosesindən sonra qəbul edilmiş "ölkədən çıxmama" qanununu pozan Aygünə ismarış göndərmişdi:

"Eşitdim ki, hələ ki qanunun qüvvəyə minməməsindən istifadə edərək ölkədən tez-bazar uçan var. Amma unutmaq lazım deyil ki, hər gedişin bir dönüşü var. Bu, heç kimdə fikir çaşqınlığı yaratmasın. Çünki nə qanun dəyişər, nə də sizin Natavan. İstəyirsən, Afrikaya get, istəyirsən, Marsa. Yenə də hər bir Azərbaycan vətəndaşı Azərbaycan qanunlarına tabedir".

Qeyd edək ki, N.Həbibi A.Kazımovanı onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə vermişdi. Məhkəmənin qərarına görə, xalq artisti Natavan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməlidir.

A.Kazımova dediklərini təkzib edərək, bunları yazmışdı:

"Öz səhifəmdə Natavan Həbibinin erməni olduğunu qeyd etmişdim. Lakin uzun sürən məhkəmə araşdırmasından sonra məlum oldu ki, fikrim yanlışdır. Məhkəmənin qətnaməsini qəbul edərək Natəvan Həbibi barədə dediyimi təkzib edirəm".

Aygün Kazımovanın Natavan Həbibidən üzr istəməyəcəyi təqdirdə isə, ölkədən kənara çıxa bilməyəcəyi haqda məhkəmə qətnaməsi qəbul olunub. Kazımova isə ölkədən çıxmasına qoyulmuş qadağaya görə, Apellyasiya Məhkəməsinə müraciət edib.

Milli.Az