Bakı, 16 oktyabr, AZƏRTAC
Oktyabrın 16-da Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-120, Kiçik Qafqazın çaylarında 160-180, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-80 faizini təşkil edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 189 kubmetr olub. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 2 santimetr azalma qeydə alınıb. Bu məntəqədə su sərfi saniyədə 109 kubmetr təşkil edib. Kür çayının aşağı axınında, eləcə də Araz çayının Novruzlu məntəqəsində də suyun səviyyəsinin azaldığı müəyyən edilib.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 338, Şirvanda 201, Salyanda 164, Bankədə 175, Novruzlu məntəqəsində isə 50 santimetrdir.