Bakı, 16 oktyabr, AZƏRTAC
Oktyabrın 16-da Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə Ümumdünya Ərzaq Gününü qeyd edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ümumdünya Ərzaq Gününün builki mövzusu “Sosial müdafiə və kənd təsərrüfatı” seçilib. Bu mövzunun seçilməsində əsas məqsəd ərzaq təhlükəsizliyinin təmin edilməsində, aclıq və yoxsulluğun azaldılmasında sosial müdafiə tədbirlərinin oynadığı rolu vurğulamaqdır.
Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Azərbaycanda ərzaq təhlükəsizliyinin gücləndirilməsi, kənd təsərrüfatınn və kənd ərazilərinin inkişaf etdirilməsi sahəsində həyata keçirilən məqsədyönlü siyasət və tədbirlərdən, dövlət dəstəyindən danışıb. Həmçinin sosial müdafiə sahəsində həyata keçirilən ünvanlı sosial yardım və digər dəstək xidmətlərinin göstərilməsi, aztəminatlı qrupların imkanlarının artırılması istiqamətində görülən işlər barədə məlumat verib. Nazir müavini cari ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edildiyini və bu sahənin davamlı inkişafının ölkənin əsas prioritetlərdən biri olduğunu diqqətə çatdırıb. O, təhlükəsiz və rəqabətə davamlı kənd təsərrüfatı məhsullarının istehsalı, ərzaq təhlükəsizliyinin tam təmin olunması, yeni texnologiyaların tətbiqi və bu sahədə tədqiqatların genişləndirilməsi istiqamətində aparılan tədbirlər barədə ətraflı bəhs edib.
Nazir müavini BMT və onun ixtisaslaşmış təskilatları ilə mövcud əməkdaşlıq əlaqələrindən, o cümlədən ərzaq və kənd təsərrüfatı sahəsində BMT-nin nüfuzlu təşkilatı olan FAO ilə Azərbaycan arasında yaradılmış sıx əməkdaşlıqdan danışıb. İ.Quliyev, ətraf mühit və təbii ehtiyatların mühafizəsi sahəsində göstərdiyi xidmətlərə görə Leyla xanım Əliyevanın FAO-nun Xoşməramlı Səfiri elan olunmasının bu təşkilatın missiyasının qlobal, regional və milli səviyyələrdə həyata keçirilməsinə böyük töhfə verəcəyinə əminliyini ifadə edib.
İ.Quliyev FAO tərəfindən həyata keçirilən layihələrin ölkədə aqrar islahatların aparılmasında, texniki potensialın artırılmasında və qabaqcıl texnologiyaların tətbiqində oynadığı rolu diqqətə çatdırıb.
FAO-nun nümayəndəsi Mustafa İmir builki Ümumdünya Ərzaq Gününün əlamətdar bir ildə keçirildiyini və təşkilat üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Belə ki, bu il BMT-nin və FAO-nun yaranmasının 70-ci ildönümü, “Beynəlxalq torpaq ili”, Azərbaycanda “Kənd təsərrüfatı ili” qeyd olunur. Eyni zamanda bu il BMT-nin Qlobal Sammitində Dayanıqlı İnkişaf Məqsədləri üzrə yeni gündəlik qəbul edilib.
M.İmir ünvanlı sosial yardım proqramlarının yoxsulluğun azaldılmasında oynadığı rolu vurğulayaraq, Azərbaycanın Minilliyin İnkişaf Məqsədlərinin həyata keçirilməsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri uğurla yerinə yetirdiyini diqqətə çatdırıb. O, Azərbaycanda görülən tədbirlər nəticəsində yoxsulluq səviyyəsinin 5 faizə qədər azalması, qeyri-neft sektorunun inkişafında əldə edilən uğurlar barədə də danışıb. FAO-nun nümayəndəsi
Prezident İlham Əliyevin əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyinin siyasi iradəsi, bununla əlaqədar həyata keçirilən Dövlət proqramları, savadsızlığın və yoxsulluğun minimuma endirilməsi və Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi istiqamətində görülən tədbirlərə görə “Cənub-Cənub” mükafatı ilə təltif olunduğunu da vurğulayıb.
O, Azərbaycan hökuməti ilə FAO arasında yaradılmış uğurlu əməkdaşlıq əlaqələrindən, xüsusilə də cari ildə imzalanmış tərəfdaşlıq proqramı barədə danışaraq, təşkilatın ölkəmizdə fəaliyyətinin daha da genişlənəcəyini qeyd edib.
Tədbirdə FAO tərəfindən “Beynəlxalq torpaq ili: Torpaq ehtiyatlarının dayanıqlı idarə edilməsində üzvi əkinçiliyin rolu” mövzusunda təqdimat da keçirilib.