Bakı, 17 oktyabr, AZƏRTAC
Coğrafiya fənni üzrə elmi-metodiki seminarda 2016-cı ildə ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanları üçün proqramın təsdiqi və bu il ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında istifadə edilmiş test tapşırıqları ilə bağlı müzakirələr olub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, TQDK-da təşkil olunan bu seminarda coğrafiya fənni üzrə 2016-cı ildə ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanı üçün proqram təkliflər nəzərə alınmaqla təsdiq edilib. Proqram 2016-cı ildə “Abituriyent” jurnalında dərc olunacaq.
Eyni zamanda, test tapşırıqları imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, mürəkkəblik dərəcəsi və qabiliyyət göstəricilərinə görə təhlil edilib.
Çıxış edən müəllim və mütəxəssislər fikirlərini bildirib, təkliflər verilib.
Oktyabrın 23-də test tapşırıqlarının müzakirəsi davam etdiriləcək.