Bakı, 19 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda sosial-iqtisadi inkişafın müsbət saldosu qorunub saxlanılıb. Ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 40,7 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövründəkindən 3,7 faiz çox ümumi daxili məhsul istehsal edilib. Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi isə 2,5 faiz artaraq 4275,2 manata bərabər olub.
AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 19-da Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində 2015-ci ilin 9 ayında ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan mətbuat konfransında məlumat verilib.
Komitənin sədri Tahir Budaqov bildirib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası 2015-ci il 20 oktyabr tarixini “Daha təkmil statistika - daha yaxşı həyat” şüarı altında Ümumdünya Statistika Günü elan edilməsi barədə qətnamə qəbul edib. Ölkə statistikləri üçün bu günün əhəmiyyətli olması həm də ondan ibarətdir ki, 2015-ci ildə Azərbaycanda rəsmi statistikanın 95 yaşı tamam olur.
Komitə sədri qeyd edib ki, 1920-ci ilədək Azərbaycanda statistikaya rəhbərlik edən vahid orqan olmayıb. 1920-ci il iyul ayının 8-də Azərbaycan İnqilab Komitəsi tərəfindən statistikanın müvəqqəti kollegiyası haqqında əsasnamə təsdiq edilib. Azərbaycan SSR İnqilab Şurasının 1920-ci il 9 avqust tarixli dekretinə uyğun olaraq 15 bölmədən ibarət Mərkəzi Statistika İdarəsi yaradılıb və onun 12 nəfərdən ibarət kollegiyası təsdiq olunub. Həmin il avqustun 19-da isə dövlət statistikası haqqında Əsasnamə təsdiq olunaraq, ölkədə statistikanın aparılması yeni yaradılan Mərkəzi Statistika İdarəsinə həvalə edilib. Azərbaycan SSR Xalq Komissarları Şurasının protokolu ilə 1923-cü ildə isə rayon statistika büroları yaradılıb.
Bildirilib ki, 1959-cu ildə Statistika İdarəsi Azərbaycan SSR Nazirlər Soveti yanında Mərkəzi Statistika İdarəsinə çevrilir və onun rəisi respublika hökumətinin tərkibinə daxil edilir. 1987-ci ildə Mərkəzi Statistika İdarəsi əsasında Dövlət Statistika Komitəsi yaradılıb. Uzun inkişaf yolu keçmiş ölkə statistika sisteminin inkişafı ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə daha geniş vüsət almağa başlayıb. Təsadüfi deyil ki, Dövlət Statistika Komitəsinin yeni, müasir tələblərə cavab verən inzibati binası və 40-dan çox rayon və şəhərdə statistika idarələrinin binaları məhz onun hakimiyyəti dövründə tikilib.
T.Budaqov qeyd edib ki, müstəqil Azərbaycana rəhbərliyi dövründə də statistikanın inkişafı Heydər Əliyevin daim diqqətində olub. 1994-cü ildə "Statistika haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib, beləliklə də milli statistikanın hüquqi əsasları yaradılıb. Bundan başqa həmin dövrdə dövlət statistika sistemində islahatların aparılmasına dair ardıcıl olaraq iki beşillik Dövlət Proqramı həyata keçirilib ki, bunun nəticəsində də milli statistikanın beynəlxalq standartlara uyğunlaşdırılması, cəmiyyətin daha geniş məlumatlandırılması və statistikanın ölkədə həyata keçirilən islahatlara uyğun olaraq təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Bazar iqtisadiyyatının tələblərinə cavab verən statistikanın yeni bölmələri – qiymət, milli hesablar, xarici ticarət, turizm statistikası və digərləri yaradılıb.
Bildirilib ki, statistikanın inkişafı Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə də uğurla davam etdirilir. Yerli statistika orqanlarının işçilərinin iş şəraitinin yaxşılaşdırılması və maddi texniki bazalarının təkmilləşdirilməsi məqsədilə 25 rayon və şəhər statistika idarəsi üçün müasir inzibati binalar inşa olunub ki, bu da ölkə rəhbərliyinin statistika əməkdaşlarına diqqətinin əyani nümunəsidir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə rəsmi statistikanın inkişafı ilə bağlı daha üç Dövlət Proqramı qəbul edilib. Bu proqramlar ölkə statistikasının yeni inkişaf mərhələsinə təkan verib. Beynəlxalq əlaqələr genişlənib, 13 ölkənin statistika оrqanları ilə statistika sahəsində əməkdaşlığa dair sazişlər imzalanıb. Ümumilikdə, Azərbaycan müstəqillik əldə еtdikdən sоnra Dövlət Statistika Kоmitəsi BMT-nin Statistika Şöbəsi, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Əmək Təşkilatı, Dünya Bankı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, UNЕSCО, UNİCЕF, Avrоpa Statistika Bürоsu, MDB Dövlətlərarası Statistika Kоmitəsi kimi bеynəlxalq təşkilatlarla və dünyanın 43 ölkəsinin statistika оrqanları ilə əməkdaşlıq edir və məlumat mübadiləsi aparır. Fərəhli hal ondan ibarətdir ki, hazırda Dövlət Statistika Komitəsinin mütəxəssisləri statistika sahəsində 9 beynəlxalq işçi və ya ekspert qrupunun işində öz fəaliyyətlərini müvəffəqiyyətlə davam etdirirlər. MDB ölkələri arasında 2-ci, Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanları arasında isə 1-ci olmaqla Dövlət Statistika Komitəsi 2013-cü ildə İSO 9001:2008 keyfiyyətin idarə etmə sisteminin sertifikatına layiq görülüb.
Tədbirdə Ümumdünya Statistika Günü ilə bağlı videoçarx nümayiş etdirilib.
Komitənin məlumatların yayılması şöbəsinin müdiri Rafael Suleymanov bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri barədə ətraflı məlumat verib.
Bildirilib ki, yanvar-avqust aylarında dövlət büdcəsinə 10,7 milyard manat vəsait daxil olub, büdcədən 10,8 milyard manat vəsait xərclənib. Əhalinin nominal gəlirləri isə 5,8 faiz artaraq 30,1 milyard manata çatıb. Gəlirlərin 75,6 faizi son istehlaka, 9,4 faizi vergilərin, sığorta və üzvlük haqlarının ödənilməsinə, 12,1 faizi əmanətlərin və kapitalın artırılmasına, 2,9 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib. Hesabat dövründə ölkədə muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq 460,1 manat təşkil edib.
Sonda Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 20 oktyabr - Ümumdünya Statistika Günü ilə bağlı təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinə mükafatları təqdim olunub. Tədbirdə həmçinin, komitənin bir qrup əməkdaşına Fəxri fərmanlar və hədiyyələr verilib.