Ağsu, 19 oktyabr, AZƏRTAC
Ağsuda geniş tikinti-quruculuq və abadlıq işləri həyata keçirilir. Təsadüfi deyildir ki, bu il sentyabrın 17-də rayona səfəri zamanı Prezident İlham Əliyevin açılışında iştirak etdiyi içməli su şəbəkəsi, idman kompleksi, YAP rayon təşkilatı üçün yeni bina, əsaslı şəkildə yenidən qurulan şahmat məktəbi, habelə hazırda inşa olunan kənd təsərrüfatı üçün inzibati bina, “Az-Qranata” MMC-nin şərab emalı zavodunda yeni süzmə sexi və soyuducu anbar, 100 yerlik uşaq bağçası-körpələr evi və s. məhz bu tikililərdəndir.
AZƏRTAC xəbər verir ki, bütün bunlar barədə cari ilin doqquz ayında rayonda sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifərə həsr olunan hesabat yığıncağında danışılıb.
Bildirilib ki, doqquz ayda rayonda tikinti-quraşdırma işlərinin həcmi 16 milyon 8,6 min manat, əsas kapitala yönəldilən investisiyalar 17 milyon 9 min manat təşkil edib.
Bu il 34289 hektar sahədən 119,1 min ton, ötən ildəkindən 49,4 min ton çox taxıl götürülüb. Hər hektardan orta məhsuldarlıq 15,7 sentner artaraq 34,7 sentnerə çatıb. Taxılçılıq sahəsində “Süsən Aqro” və “Qarabağ taxıl” MMC-lərin böyük uğurları xüsusi qeyd olunub.
Doqquz ayda heyvandarlıq, eləcə də bostan-tərəvəzçilik sahələrində də müsbət nəticələr qazanılıb.
Ümumiyyətlə, hesabat dövründə ümumi məhsul buraxılışının həcmi ötən illə müqayisədə 10,8 faiz artıb və 124 milyon 509 min manata çatıb.
Həmçinin qeyd olunub ki, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində də mühüm addımlar atılıb, doqquz ayda 9 kənddə təbii qaz verilib, hazırda daha 3 kənd qazlaşdırılır.
Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət sahələrində də xeyli işlərin görüldüyü, əhalinin fasiləsiz elektrik enerjisi və su təchizatı ilə təminatı istiqamətində mühüm layihələrin reallaşdırılıdığı bildirilib.
Məruzə və çıxışlarda qarşıda duran təxirəsalınmaz vəzifələrdən də ətraflı bəhs olunub.
Ağsuda taxıl sahələrinin məhsuldarlığı ötən ilə nisbətən təxminən iki dəfə artıb