Bakı, 19 oktyabr, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 2016-cı ildə tam orta təhsil (XI illik), ümumi orta təhsil (IX illik) üzrə buraxılış və ali təhsil müəssisələrinə, hərbi liseylərə keçiriləcək qəbul imtahanları üçün proqramların təsdiqi ilə bağlı müzakirələr olub.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, müzakirədə Bakı və Sumqayıt şəhərlərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, həmçinin internetlə videobağlantı əsasında Komissiyanın Gəncə, Şəki, Göyçay və Ağcabədi regional bölmələrində həmin bölgələri təmsil edən fənn müəllimləri də iştirak ediblər.
Çıxış edən müəllim və mütəxəssislər fikirlərini bildirib, təkliflər verilib.
Tam orta təhsil, ümumi orta təhsil üzrə buraxılış və ali təhsil müəssisələrinə, hərbi liseylərə keçiriləcək qəbul imtahanları üçün proqramlar təkliflər nəzərə alınmaqla təsdiq edilib. Proqramlar 2016-cı ildə “Abituriyent” jurnalında dərc ediləcək.
Bu il ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının oktyabrın 23-də elmi-metodiki təhlili aparılacaq.