Bakı, 19 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi payız-qış mövsümünə hazırlıq çərçivəsində oktyabrın 19-da Xətai Rayon İcra Hakimiyyətində “Yanğın təhlükəsizliyinin təmin olunmasında fövqəladə hallar, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda müşavirə keçirib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirənin məqsədi payız-qış mövsümündə yanğından mühafizə istiqamətində profilaktik və digər qabaqlayıcı tədbirlərin görülməsi, müvafiq maarifləndirmə işlərinin təşkili, bu işlərə rayon ictimaiyyətinin səfərbər edilməsi, mövcud problemlərin müzakirəsi və onların həlli yollarının tapılmasıdır.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin, eləcə də Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin nümayəndələri iştirak ediblər.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Rafiq Quliyev rayonda yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı görülən işlər barədə məlumat verib.
FHN-in məsul əməkdaşları ötən il və cari ilin doqquz ayında Bakıda baş vermiş yanğınların müqayisəli statistikasını tədbir iştirakçılarının diqqətinə çatdırıblar. “Yaşayış massivlərində yanğınların baş verməsi səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları” və “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları” mövzularında məruzələrlə çıxış edən FHN təmsilçiləri, həmçinin dəm qazına qarşı görülməli olan vacib tədbirlərdən danışıblar. Müşavirədə, habelə “Rayonun enerji təchizatının mövcud vəziyyəti, problemlər və onların həlli yolları”, “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti” və “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında da çıxışlar dinlənilib.
FHN Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev təqdimatında Xətai rayonunda yanğın təhlükəsizliyi sahəsində mövcud problemlərin - elektrik şəbəkələrinə qeyri-qanuni qoşulmalar, nasaz elektrik cihazlardan istifadə, elektrik xətlərinin həddindən artıq yüklənməsi, su hovuzları və hidrantların cari vəziyyəti, yaşayış massivlərində fərdi avtomobillərin nizamsız parklanması və məhəllələrə girişlərin qeyri-qanuni maneələrlə məhdudlaşdırılması barədə məlumat verib. O, həmin problemlərin xilasetmə əməliyyatlarının aparılmasını çətinləşdirdiyini vurğulayıb.
Tədbirdə yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı videoçarxlar nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb.
Payız-qış mövsümünə hazırlıqla əlaqədar yanğın təhlükəsizliyi məsələləri müzakirə olunub
Payız-qış mövsümünə hazırlıqla əlaqədar yanğın təhlükəsizliyi məsələləri müzakirə olunub