“Parlament-2015” Seçki Monitorinq Koalisiyası yaxın günlərdə hesabat açıqlayacaq

12:48 22 Oktyabr 2015
10 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

“Parlament-2015” Seçki Monitorinq Koalisiyası yaxın günlərdə aralıq hesabat açıqlayacaq.

Koalisiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qurum tərəfindən qısa müddətdə 500 nəfər müşahidəçi hazırlanıb və təlimatlandırılıb. Onların 118 seçki dairəsinin ərazisinə ezam edilməsi nəzərdə tutulur.

Koalisiya indiyədək paytaxt və regionlarda seçkilərdə iştirak, namizədlərin irəli sürülməsi və qeydiyyatı, seçki təşviqatı prosesləri, o cümlədən siyasi qüvvələr arasında bərabər rəqabət imkanları, namizədlərin seçicilərlə görüşlərinin təşkili və s. məsələlərin monitorinqini aparmış, seçicilərin namizədlərə münasibətini öyrənmək üçün rəy sorğuları keçirmişdir. Bundan əlavə, KİV-də və elektron informasiya vasitələrində yerləşdirilmiş təbliğat materialları mütəmadi olaraq izlənilir, müvafiq təhlillər aparılır.

Monitorinqin nəticələrinə dair seçki prosesinin mərhələlərinə uyğun olaraq üç hesabat hazırlanacaq və ictimaiyyətə təqdim ediləcəkdir. Aralıq hesabatın gələn həftə, səsvermə prosesi ilə bağlı ikinci hesabatın seçki gününün sonunda, son hesabatın isə seçkilərə yekun vurulduqdan sonra açıqlanması nəzərdə tutulur.

Qeyd edək ki, ölkənin tanınmış vətəndaş cəmiyyəti institutlarının təmsil olunduğu “Parlament-2015” Seçki Monitorinq Koalisiyası 2015-ci il oktyabrın 1-də yaradılıb. Qurumun məqsədi noyabrın 1-nə təyin olunmuş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hərtərəfli monitorinqini aparmaqdır. Koalisiyanın tərkibinə 5 qeyri-hökumət təşkilatı daxildir: Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (sədr Rufiz Qonaqov), Qarabağ Araşdırılmalar Mərkəzi ( sədr Elçin Əhmədov), İqtisadi və Sosial İnkişaf Mərkəzi ( sədr Vüqar Bayramov), Tətbiqi Tədqiqatlar Fondu (sədr İbrahim Əliyev), Azərbaycan Tələbələr Birliyi (sədr Elvin Aslanov).

Koalisiyanın ilk iclasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov onun koordinatoru seçilib.

Monitorinq seçki prosesinin bütün spektrini əhatə edir. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün koalisiya üzvü olan QHT-lərin resurslarından və könüllülərdən istifadə edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2447002.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR