Bakı, 23 oktyabr, AZƏRTAC
“İrəli” İctimai Birliyi tərəfindən reallaşdırılan “Münaqişə tərəfi Azərbaycan: həqiqətlər və reallıqlar” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan xarici jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) olublar.
Fonddan AZƏRTAC-a bildiriblər ki, səfər zamanı bir çox məsələlər müzakirə olunub. Müzakirələrdə BAMF-ın sədri Ümid Mirzəyev münaqişələrin həllində Azərbaycanın haqlı mövqeyi, qaçqın və məcburi köçkünlərin vəziyyəti, dünyanın əsas güc mərkəzlərinin işğal faktoruna göz yumması, təmsil etdiyi qurumun müharibənin təsirinə məruz qalmış ərazilərdə uzunmüddətli fəaliyyətinə dair qonaqlara ətraflı məlumat verib. O, dünya ictimaiyyətini, beynəlxalq qurumları, media orqanlarını Azərbaycanın üzləşdiyi bu haqsızlığa döz yummamağa, hadisələrə real qiymət verməyə çağırıb. İşğal faktorunun uzun müddət davam etməsinin Azərbaycan vətəndaş cəmiyyəti qurumlarında, sadə insanlar arasında qərb dövlətlərinə inamsızlıq və etimadsızlıq yaratdığını ifadə edib.