Bakı, 2 fevral, AzərTAc
Gənclər Günü münasibətilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun baş ofisində müzakirə xarakterli görüş keçirilib.
Fondun sədri Umud Mirzəyev Azərbaycanda gənclər siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.
Tədbirdə iştirak edən UNICEF-in Azərbaycan nümayəndəliyinin yeniyetmə və gənclərin inkişafı proqramının rəhbəri Aida Ailarova bildirib ki, təmsil etdiyi beynəlxalq təşkilat Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxtda və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri və gənclər təşkilatları ilə əməkdaşlıq etməkdə maraqlıdır.
Daha sonra Beynəlxalq Avrasiya Mətbuat Fondunun UNICEF-in maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyinin iştirakı ilə Azərbaycanın ümumilikdə 14 rayonunda reallaşdırdığı “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsinin qısa təqdimatı keçirilib.
Görüş müzakirələrlə davam edib. Müzakirələr zamanı çıxış edənlər Prezident İlham Əliyevin “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq olunması haqqında imzaladığı Sərəncamın xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. Bildirilib ki, əsas məqsəd Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir. Bununla da Azərbaycanda dövlət gənclər siyasətinin yeni mərhələsi başlanır ki, bu da dövlətin həyata keçirdiyi düşünülmüş, ardıcıl ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi gənclərin də hərtərəfli yararlanmasına şərait yaradacaq. Tədbirdə bildirilib ki, indi ölkəmizdə dövlət qeydiyyatından keçən 170-dən çox gənclər təşkilatı fəaliyyət göstərir, minlərlə gənc lider yetişib. Ayrı-ayrı gənclər təşkilatları ilboyu gəncləri və yeniyetmələri müxtəlif layihələrə cəlb edir, onların hərtərəfli inkişafı, kamil vətəndaş kimi yetişmələri, dövlət quruculuğunda iştiraka hazırlığı, lider kimi formalaşmalarına kömək məqsədilə çoxsaylı tədbirlər keçirirlər.