Bakı, 28 oktyabr, AZƏRTAC
Növbəti “Sabahın alimləri” V Respublika müsabiqəsi 2016-cı il fevralın 11-13-də keçiriləcək. Bu müsabiqə hər il ABŞ-da 70-dən çox ölkənin şagirdlərinin iştirakı ilə keçirilən “İntel ISEF”- Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil olunur. Müsabiqədə Azərbaycanın bütün rayonlarında yerləşən ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak edə bilərlər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, “Sabahın alimləri” V Respublika müsabiqəsi ilə bağlı akademik Zərifə Əliyeva adına liseydə məktəb direktorlarının iştirakı ilə “dəyirmi masa” keçirilib. Tədbirin məqsədi müsabiqədə bir neçə il qalib olan məktəblərin təcrübəsini digər təhsil müəssisələri ilə bölüşməkdir.
İclasda Bakının məktəblərinin yuxarı sinif şagirdləri arasında elm və mühəndislik sahəsində milli müsabiqənin keçirilməsi, həmin müsabiqənin qalibləri sırasından ən layiqlilərinin seçilib “İntel ISEF” müsabiqəsinə göndərilməsi, müsabiqəyə qoşulan məktəblərin sayının artırılması və ora hər il yeni təhsil müəssisələrinin qoşulmasının təmin edilməsi məsələləri müzakirə edilib.
BŞTİ–nin müdir müavini Məhəbbət Vəliyeva “Sabahın alimləri” müsabiqəsinin keçirilməsinin əsas məqsədinin yuxarı sinif şagirdlərinə elmi təfəkkür tərzi və tədqiqatçılıq vərdişlərinin aşılanmasından ibarət olduğunu söyləyib.
Akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva “Sabahın alimləri” müsabiqəsi və liseydə fəaliyyət göstərən “Kiçik akademiya” barədə təcrübə və təkliflərini bölüşüb.
“Dəyirmi masa”da şagirdlərin beynəlxalq elm yarışlarında qazandıqları uğurun bütövlükdə ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyi bildirilib.
Sonra “İntel” korporasiyasının MDB ölkələri üzrə meneceri Tatyana Nanayeva iclasa telefonla qoşularaq bu cür müsabiqələrin məktəblilərin elmə marağının artırılması, onların istedad, bacarıq və elmi potensialının üzə çıxarılması baxımından gərəkli olduğunu söyləyib.
İclasda Təhsil Nazirliyinin (TN) nümayəndəsi Atiq Əliyev “Sabahın alimləri” müsabiqəsi barədə geniş məlumat verib.