Azərbaycanda keçiriləcək parlament seçkiləri Rusiya mətbuatının diqqət mərkəzindədir. Secki-2015.az saytının xəbərinə görə, artıq Rusiyanın bir çox tanınmış media qurumu öz əməkdaşlarını Bakıya ezam edib.

"Rosbalt" agentliyi dünyanın ən yaşlı sakinlərindən olan Gözəl Dadaşovanın səsvermədə iştirak edəcəyini yazır. Müəllif qeyd edir ki, 125 yaşlı nənə Ağdaş rayonunun Qulbəndə kəndində yaşayır.

Eyni agentliyin digər məqaləsində ATƏT Demokratik Təsisatlar və İnsan haqlar Bürosunun (DTİHB) seçkilərə öz müşahidəçilərini göndərməməsi də qeyd olunur. Müəllif qeyd edir ki, müşahidəçilərin gəlib-gəlməməsindən asılı olmayaraq təşkilat Azərbaycana qarşı qarayaxma cəhdlərindən əl çəkmir. Bununla belə, münasibətlərin korlanmasından daha çox Avropa İttifaqı əziyyət çəkəcək. Çünki, Azərbaycan Avropanın enerji təchizatında başlıca fiqurlardan biridir.

TASS agentliyinin seçki barədə xəbərlərində ATƏT DTHB-nin seçkilərə öz müşahidəçilərini göndərməməsi diqqət mərkəzində olub.

"Ria" agentliyi isə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin müsahibəsini dərc edib. Partiya sədri seçki prosesinin normal məcrada davam etdiyini, heç bir xoşagəlməz halla rastlaşmadıqlarını deyib.

Agentlik həmçinin CASCFEN-in rəhbəri Azər Həsrətin "Russia today" agentliyinin təşkil etdiyi Moskva-Bakı telekörpüsü zamanı dediyi fikirdən sitat gətirib : "ATƏT DTHB-nin Azərbaycana müşahidəçi missiyası göndərməməsi seçkinin baş tutmayacağı və ya legitim olmayacağı anlamına gəlmir".

http://www.rosbalt.ru/exussr/2015/10/27/1455127.html

http://tass.ru/mezhdunarodnaya-panorama/2382992

http://ria.ru/world/20151028/1309570191.html

http://ria.ru/world/20151027/1309088475.html

Milli.Az