Seçki Məcəlləsinin 99.4-cü maddəsinə əsasən isə seçki bülletenləri Mərkəzi Seçki Komissiyasının qərarı ilə onun nümayəndələrinin müşahidəsi altında poliqrafiya müəssisələrində səsvermə gününə ən azı 10 gün qalmış hazırlanır.
Müsavat Partiyasının bu barədə qərarının məhz cari ilin noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərə 10 gündən az müddət qalmış vaxtda qəbul edilməsi Seçki Məcəlləsinin tələblərinin pozulması ilə yanaşı, həmçinin keçiriləcək seçkilərə şüurlu olaraq əngəllər törətmək kimi qiymətləndirilir”.
Bəayanat sənədində vurğulanıb ki, səsvermə prosesində seçicilərin çaşdırılmasına xidmət edən bu addım seçki subyekti olmayan, seçki prosesində ümumiyyətlə iştirak etməyən və namizəd qeydə aldırmaq hüququna malik olmayan NİDA Vətəndaş Hərəkatının belə bəyanat verməsi ilə daha da qabarıq ortaya çıxıb: “Təəssüflər olsun ki, seçki təcrübəsinə mənfi təsirsiz ötüşməyən belə neqativ addımlar onlar tərəfindən davamlı olaraq atılmaqdadır. Belə ki, Milli Məclisə keçiriləcək seçkilərin təxirə salınaraq 4 ay sonraya təyin olunması da Müsavat Partiyası tərəfindən irəli sürülüb. Halbuki, bu təklifi irəli sürənlər bilməlidirlər ki, Azərbaycan Respublikasının Konstitusiyasının 84-cü maddəsinin ll hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir və onun iddia edilən müddətə və əsaslarla təxirə salınması qaydası seçki qanunvericiliyində ümumiyyətlə nəzərdə tutulmayıb. Bütün bu hərəkətlər onu sübut edir ki, Milli Məclisə seçkilərin qanunun tələblərinə uyğun olaraq keçirilməsi Müsavat Partiyasının və NİDA Vətəndaş Hərəkatının maraqlarına cavab vermir”.