Bakı, 30 oktyabr, S.Allahverdiyeva, AZƏRTAC
Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə gənclər arasında “Hünər meydanı” respublika seçim turniri davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın ikinci günündə respublikanın bütün şəhər və rayonlarından 1996-1998-ci il təvəllüdlü 169 yunan-Roma güləşçisi 50, 55, 60, 66, 74, 84, 96 və 120 kiloqram çəki dərəcələrində mübarizə aparır. Turnir açıq xarakter daşıdığından yarışlarda Azərbaycan idmançıları ilə yanaşı, Rusiya pəhləvanları da iştirak edirlər.
“Hünər meydanı” respublika seçim turnirinin baş hakimi Azərbaycan Güləş Federasiyasının hakimlər kollegiyasının sədri Bəhmən Talebidir.
Gənclərin yarışında ilk üç yeri tutan idmançılar medal, diplom və pul mükafatları ilə təltif olunacaqlar. Qalib və mükafatçılar yığma komandaların heyətinə cəlb ediləcək və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanacaqlar.
Turnir oktyabrın 30-da başa çatacaq.