Milli.Az xəbər verir ki, bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov noyabrın 1-də 5-ci çağırış Milli Məclisə keçirilmiş seçkilərin ilkin nəticələrini açıqlayıb.

M.Pənahovun seçki dairələrində səslərin hesablanmasından sonra açıqladığı ilkin nəticələrə əsasən demək olar ki, bu dəfə də parlamentdə iqtidarda olan Yeni Azərbaycan Partiyasının təmsilçiləri üstünlük təşkil edəcəklər. Seçkilərin ilkin nəticələrinə görə, YAP bu dəfə Milli Məclisdə 71 deputatla təmsil olunacaq.

Ölkənin ali qanunverici orqanına keçirilən seçkilərdə 125 deputat mandatından 42-ni bitərəf namizədlər əldə ediblər.

Qalan 12 deputat mandatı ölkədəki digər 11 siyasi partiyanın təmsilçilərinə qismət olub.

Onların arasında ən çox deputat yeri əldə edən partiya Vətəndaş Həmrəyliyi Partiyası (VHP) olub. Seçkilərin ilkin nəticələri VHP-nin Milli Məclisdə 2 deputatla təmsil olunacağını deməyə əsas verir. Maraqlısı budur ki, partiya sədri Sabir Rüstəmxanlının özü bu dəfə deputat nişanını daşımayacaq. Belə ki, o, bu dəfə həyat yoldaşı Tənzilə Rüstəmxanlıya görə Milli Məclis üzvlüyünə namizədliyini irəli sürməyib. Qeyd edək ki, Sabir Rüstəmxanlının xanımı, "Azəri-Türk Qadınlar Birliyi"nin sədri Tənzilə Rüstəmxanlının namizədliyi 42 saylı Sumqayıt ikinci seçki dairəsindən irəli sürülsə də, Dairə Seçki Komissiyası onun namizədliyini qeydə almayıb. T.Rüstəmxanlının deputat olmaq istədiyi həmin dairədə isə YAP-ın namizədinin qalib gəldiyi bildirilir.

Digər 11 partiya - Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP), Böyük Qurtuluş Partiyası (BQP), Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP), Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), "Ana Vətən" Partiyası (AVP), "Vəhdət" Partiyası (VP), Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP) və Vətəndaş Birliyi Partiyası (VBP) isə parlamentdə 1 deputatla təmsil olunacaqlar.

İlkin İzzət
Milli.Az