Bakı, 3 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən noyabrın 3-dən 3 dövlət orqanında inzibati vəzifələrin beşinci və altıncı təsnifatlarına uyğun olan 19 vakant vəzifənin tutulması üçün müsabiqə, 3 dövlət orqanında isə inzibati vəzifələrin beşinci və altıncı təsnifatlarına uyğun olan 11 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün ümumi müsahibə elan edilib.
Komissiyadan AZƏRTAC-a verilən məlumata görə, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən hamısı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarındadır.
Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 10-u mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 1-i isə birinci instansiya məhkəmə orqanının aparatındadır.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.
İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunur. Test imtahanı
dünyagörüşü, o cümlədən Azərbaycan dili və Azərbaycan haqqında ümumi biliklər, üzrə 15, qanunvericilik sahəsi üzrə 40, informasiya texnologiyaları sahəsi üzrə 15, məntiqi düşünmə qabiliyyəti sahəsi üzrə 30 test tapşırığından ibarət olacaq.
Tapşırıqlarının hazırlanması üçün tərtib edilən ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında (www.csc.gov.az) yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq dövlət orqanı üzrə ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı noyabrın 3-dən dekabrın 2-dək Komissiyanın rəsmi internet saytında qeydiyyatdan keçərək doldurmalıdırlar. Müraciət Forması şəxsən və yaxud poçt vasitəsilə də kağız daşıyıcılarla təqdim edilə bilər.
Ümumi müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları sənədlərini 2015-ci il noyabrın 3-dən 23-dək saat 18:00-a qədər Komissiyaya şəxsən və ya poçt vasitəsilə təqdim etməlidirlər.
Müsabiqə və ümumi müsahibəyə dair ətraflı məlumat “Respublika” qəzetinin 03 noyabr 2015-ci il tarixli sayında və həmin tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında - www.csc.gov.az verilib.
Test imtahanlarının keçirilmə tarixi və yeri Komissiyanın rəsmi internet saytında “Test imtahanlarının qrafiki” bölməsində (www.csc.gov.az) yerləşdiriləcək. Qrafikdə namizədlər dövlət orqanları üzrə iddia etdikləri inzibati vəzifələr üçün nəzərdə tutulmuş test imtahanı tarixini və vaxtını aktivləşdirməklə öz adlarını tapa biləcəklər. Komissiyada mobil telefon nömrəsi və elektron poçt ünvanı qeydə alınmış namizədlərə test imtahanının keçirilmə vaxtı barədə qısa SMS və elektron məktub göndərilməsi nəzərdə tutulub.
İmtahanın kompüter vasitəsilə keçirilməsini təmin etmək məqsədilə “Dövlət qulluğuna qəbul - Test imtahanı” sistemi haqqında məlumatın video təqdimatı ilə namizədlər Komissiyanın rəsmi internet saytında (www.csc.gov.az) ətraflı tanış ola bilərlər.