Bakı, 3 noyabr, AZƏRTAC
Noyabrın 3-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ-ın “UOP” şirkəti arasında Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) yenidən qurulması layihəsi üzrə müqavilə imzalanıb. Sənədi SOCAR tərəfdən Heydər Əliyev adına NEZ-in direktoru Elman İsmayılov, qarşı tərəfdən isə “UOP” şirkətinin baş vitse-prezidenti Pete Piotrovski imzalayıblar.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, imzalanma mərasimində şirkətin prezidenti Rövnəq Abdullayev Heydər Əliyev adına NEZ-in yenidən qurulması layihəsinin hazırda şirkətin downstream (emal mərhələsi) mərhələsində həyata keçirdiyi ən vacib layihələrdən biri olduğunu deyib. Bildirib ki, yenidənqurma işləri nəticəsində mövcud texnoloji qurğuların modernləşdirilməsi və bəzi yeni qurğuların inşası nəzərdə tutulur. Bununla əlaqədar, yüksək keyfiyyətli benzin istehsalının təşkil olunması məqsədilə aparılmış araşdırma nəticəsində dünyada qabaqcıl təcrübəyə malik “UOP” NEZ-in strukturuna daxil olan qurğular, o cümlədən koks naftasının hidrotəmizləməsi, katalitik krekinq, izomerləşmə, MTBE, doymamış maye qazın merkaptan oksidləşdirilməsi, aminlə təmizləmə və sulfidin oksidləşməsi qurğuları üzrə müvafiq lisenziar seçilib.
Bu münasibətlə qonaqları təbrik edən R.Abdullayev SOCAR və “UOP” arasında uzunmüddətli əməkdaşlığın mövcud olduğunu vurğulayıb. O qeyd edib ki, NEZ-in strukturuna daxil olan katalitik reforminq qurğusu məhz “UOP” şirkətinin lisenziyası əsasında inşa edilib, Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi və NEZ-in yenidən qurulması layihələri üzrə Texniki İqtisadi Əsaslandırılma “UOP” şirkətinin iştirakı ilə həyata keçirilib. “UOP” SOCAR-ın Türkiyədə həyata keçirdiyi “Star” layihəsində də müxtəlif qurğular üzrə lisenziar seçilib.
“UOP”un baş vitse-prezidenti Pete Piotrovski SOCAR ilə əməkdaşlıqdan məmnun olduqlarını bildirib, yeni qurğuların inşası üçün təmsil etdiyi şirkətin lisenziar seçilməsinə görə təşəkkür edib.
Qeyd edək ki, SOCAR Heydər Əliyev adına NEZ-in yenidən qurulması üzrə Avstriyanın “Poerner”, Fransanın “Axens” şirkətləri ilə də müqavilə imzalanıb.
