Gəncə, 4 noyabr, AZƏRTAC
Cari ilin on ayında Gəncədəki bir çox tarixi yerlərə, o cümlədən muzeylərə olan maraq xeyli artıb. Sevindirici haldır ki, şəhərə gələn turistlərin içərisində xarici vətəndaşlar çoxluq təşkil edir.
Gəncə şəhər mədəniyyət və turizm idarəsinin rəisi Sənan Hacıyev AZƏRTAC-a deyib ki, bu il xarici turistlər tərəfindən ən çox ziyarət edilən məkan Heydər Əliyev Mərkəzi olub. Ötən 10 ayda mərkəzi 19 min 264 nəfər turist ziyarət edib. İkinci yerdə isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsi dayanır. Şeyxin məqbərəsini 8366 nəfər ziyarət edib. Məhsəti Mərkəzində, Dövlət Tarix-Diyarşünaslıq Muzeyində, Gəncə Qapıları Arxeologiya-Etnoqrafiya muzeyində olanların sayında da artım qeydə alınıb.
Gəncədə 10-a yaxın muzeyin olduğunu bildirən idarə rəisi onu da əlavə edib ki, hazırda şəhərdə fəaliyyət göstərən tarixi yerlərin və muzeylərin xarici qonaqlara yüksək səviyyədə təqdim edilməsi üçün yeni marşrut xəritəsi və bukletlər üzərində iş aparılır.