Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 20-də Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi günü ilə əlaqədar, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu və “Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi” İctimai Birliyi (ADPYM) tərəfindən “Autizmli uşaqların cəmiyyətə inteqrasiyası” adlı “dəyirmi masa” keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “dəyirmi masa”da autizm sindromlu uşaqların qarşılaşdıqları problemlərin həllinə dair təkliflər müzakirə ediləcək. Tədbirdə Milli Məclis, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, XXI əsrin qlobal problemi hesab edilən autizm ölkəmizdə də ən aktual bir mövzudur. Aparılmış tədqiqatlara görə dünya əhalisinin 1 faizi, yəni 70 milyonu autizm xəstələridir. Qeyri-rəsmi statistikaya görə ölkəmizdə təxminən 4000-ə yaxın uşaq autizm sindromundan əziyyət çəkir.
Yalnız ADPYM-də 1000 nəfərə yaxın autizm sindromundan əziyyət çəkən uşaq qeydiyyatdadır. Yaranma səbəbləri dəqiq məlum olmayan autizm sindromu ilə mübarizə günün tələbidir.