Bakı, 6 noyabr, AZƏRTAC
Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verilib. Bakı-Böyük Kəsik istiqamətində 600 kilometr dəmir yolu əsaslı təmir olunacaq.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, əsaslı təmir işlərini yeni yaradılmış 5 saylı “İxtisaslaşmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Müəssisənin rəisi Rizvan Rzayevin verdiyi məlumata görə, təmir işlərinə Biləcəri stansiyasında başlanılıb və artıq 1,5 kilometr uzunluğunda baş yolun əsaslı təmiri başa çatmaq üzrədir.
Qeyd edək ki, 2015-ci il aprelin 14-də “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 kilometrlik hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.
