Naxçıvan, 6 noyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində milli dəyərlərimizin qorunması və yaşadılmasında mühüm əhəmiyyəti olan xalq yaradıcılığı sərgisinin açılışı olub. Muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbə və müəllimləri, ümumtəhsil məktəblərinin şagirdləri, sahibkarlar, müxtəlif idarə və təşkilatların, ictimaiyyətin nümayəndələri sərgiyə böyük maraq göstəriblər.
Sərgidə otuz yeddi el sənətkarı tərəfindən oyma, xəttatlıq, dulusçuluq, papaqçılıq, xalçaçılıq, misgərlik, toxuma, ağac üzərində yandırma, bədii tikmə və digər xalq sənətkarlığı sahələri üzrə 600-ə yaxın əl işi, rəsm əsərləri, məktəbdənkənar tərbiyə müəssisələrinin müəllim və şagirdləri tərəfindən hazırlanan 120 bədii tikmə və toxuma nümunələri nümayiş olunurdu. Sərginin ikinci günü gələnlərin ən çox diqqətini çəkən sağlamlıq imkanları məhdud şəxslərin əl işləri, müxtəlif janrlarda çəkdikləri rəsm əsərləri idi. “Naxçıvan” Universitetinin tələbələri Təranə Əliyeva və Elnur Müseyibovla söhbətimiz də elə sağlamlıq imkanları məhdud şəxslərin əl işləri və rəsm əsərləri ilə tanışlıq əsnasında oldu. Müsahiblərim dedilər ki, onları burada nümayiş etdirilən nümunələr çox heyrətləndirib. Bəzən elə hallar olur ki, kiçik bir başağrısı üzündən insanlar öz işlərini təxirə salırlar. Ancaq buradakı əl işləri və rəsm əsərləri bir daha sübut edir ki, işləmək, nəsə yaratmaq üçün fiziki məhdudiyyət sərhəd, əngəl ola bilməz.
Bəzən müasir görünmək istəyi müxtəlif nümunələr kimi, milli ornamentləri olan aksessuarların, bəzək əşyalarının da gündəlik həyatdan, məişətimizdən uzaqlaşmasına gətirib çıxarır. Buna baxmayaraq, sevindirici haldır ki, bir çox sənətkarlar milliliyi qoruyub saxlamağa can atırlar. Tətbiqi incəsənətlə məşğul olan el sənətkarı Xuraman Səfərova ilə sərgidə tanış olduq. Onun üçün ayrılan guşədə nümayiş etdirilən əl işlərində məhz milliliyi duymaq, hiss etmək çətin deyildi. Yaratdığı gözəlliyə tamaşa etmək üçün guşənin qarşısında qələbəlik idi. Xuraman xanım dedi ki, müxtəlif bəzək əşyaları, boyunbağıları düzəltməyə uşaq yaşlarından başlayıb. Bəzək əşyalarını düzəldərkən də milli xalçalarımızın naxış və rənglərindən istifadə edir. Bunları düzəldərkən firuzəyi rəngli muncuqlara, daşlara üstünlük versə də, bəzəklər arasında yaşıl, qırmızı, sarı rənglər də yer alır.
Müsahibimiz onu da dedi ki, artıq yeddinci ildir müxtəlif sərgilərdə iştirak edir. Bu sərginin əsərlərini daha da təkmilləşdirmək, yaradıcılığını mükəmməlləşdirmək üçün çox xeyri olub. Sərgidə nümayiş olunacaq deyə, əl işlərini daha həvəslə və sürətlə hazırlayıb, sərgiyə imtahan kimi hazırlaşıb.
Sərgidə “Hilal” Ət və Ət Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Fikrət Əliyarovla da görüşdük. Fikrət Əliyarov dedi ki, əl işlərinin düzəldilməsinin diqqət və həvəs tələb etdiyini yaxşı bilir və sənətkarların əl işlərindən bir neçəsini satın almaqla onlara maddi cəhətdən dəstək olacağını düşünür. Onun üçün də səhər saatlarından yolunu sərgidən salıb. Sahibkar onu da bildirdi ki, bəzi insanlar xarici ölkələrdə hədiyyəlik əşyalara çox miqdarda vəsait xərcləyir, keyfiyyəti və estetik gözəlliyi ilə bu əşyalardan qat-qat qiymətli olan yerli ustaların məhsullarına isə soyuq yanaşırlar. Məncə, bu qəbuledilməzdir. Təbii ki, dövlətimiz el sənətkarlarını hər cür diqqət və qayğı ilə əhatə edib. Ancaq biz də bu sənətkarlara maddi və mənəvi dəstək olmalıyıq.
Naxçıvan Dövlət Texniki Kollecinin müəllimi Samirə Mustafayeva isə bildirdi ki, əgər milli dəyərlərimizə üstünlük veririksə, el sənətkarlarının əl işlərindən istifadə etməliyik. Əgər Naxçıvanda yüksək səviyyəli müxtəlif bəzək əşyaları, ev aksesuarları, dekorativ-tətbiqi sənət nümunələri varsa, bunlar gündəlik həyatımızda, məişətimizdə yer almalıdır. Qərara almışam ki, buradan aldığım milli üslubda hazırlanan boyunbağılardan və başqa zinət əşyalarından tez-tez istifadə edim. Dünən sərginin açılış mərasimində bildirildi ki, milli geyimlərin əsas cəhətlərindən biri də baş örtükləridir. Çalma, araqçın, rübənd, şal və kəlağayı kimi baş örtükləri Azərbaycan qadınının ismət və sədaqət nişanəsi kimi yüksək mənəvi dəyərə malikdir. Mənəvi dəyərə malik olan bu baş geyimlərindən gündəlik məişətimizdə nəyə görə istifadə etməməliyik?
Sərgidəki el sənətkarları, qonaqlar ümumilikdə belə bir fikir ifadə etdilər ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında 2009-cu il fevralın 7-də imzaladığı Sərəncam, 2012-ci ilin Naxçıvan Muxtar Respublikasında “Milli dəyərlər ili” elan edilməsi milli dəyərlərimizin yaşadılması istiqamətində atılan mühüm addımdır. Bütün bunlar isə, milli mirasımız olan dəyərlərimizin gələcək nəsillərə çatdırılmasına xidmət edir.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu
Naxçıvanqalada keçirilən xalq yaradıcılığı sərgisinə böyük maraq göstərilib
Naxçıvanqalada keçirilən xalq yaradıcılığı sərgisinə böyük maraq göstərilib
Naxçıvanqalada keçirilən xalq yaradıcılığı sərgisinə böyük maraq göstərilib
Naxçıvanqalada keçirilən xalq yaradıcılığı sərgisinə böyük maraq göstərilib
Naxçıvanqalada keçirilən xalq yaradıcılığı sərgisinə böyük maraq göstərilib
Naxçıvanqalada keçirilən xalq yaradıcılığı sərgisinə böyük maraq göstərilib
Naxçıvanqalada keçirilən xalq yaradıcılığı sərgisinə böyük maraq göstərilib
Naxçıvanqalada keçirilən xalq yaradıcılığı sərgisinə böyük maraq göstərilib