Kanberra, 7 noyabr, AZƏRTAC
Avstraliyanın “Jetstar” və “Virgin Australia” aviaşirkətləri noyabrın 7-də İndoneziyanın Bali adasına reysləri təxirə salıblar. Hər iki şirkətin nümayəndələrinin bildirdiyinə görə, Lombok adasında yerləşən Rincani vulkanının fəallaşması uçuşlar üçün ciddi təhlükə yaradıb.
Rincani vulkanı hələ oktyabrda fəallaşıb. İlk vaxtlar kül tullantıları hava nəqliyyatına maneə törətməsə də, sonradan vulkanın böhran həddinə çatması adanın hakimiyyət orqanlarını Balidəki və eyni zamanda, Lombok və Yava adalarındakı aeroportların işini dayandırmağa məcbur edib.
900-dən artıq reysin təxirə salınması on minlərlə insanın, xüsusən də əcnəbi turistlərin İndoneziyanın bu rayonunu tərk etməsinə mane olub. Noyabrın 5-də vulkan külünün azalması aeroportun işini bərpa etməyə imkan versə də, axşam saatlarında vəziyyət yenidən ağırlaşıb.
Hər iki Avstraliya şirkətinin nümayəndələri qeyd ediblər ki, noyabrın 8-də Baliyə reyslərin bərpası barədə qərar vəziyyətdən asılı olaraq bu gün axşam qəbul ediləcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra