Minsk, 7 noyabr, AZƏRTAC
2016-cı ildə “Şərq tərəfdaşlığı” (EaPeReg) ölkələrinin elektron kommunikasiyaları tənzimləyicilər şəbəkəsinin sədri Belarus olacaq. AZƏRTAC BELTA agentliyinə istinadla bildirir ki, bu qərar EaPeReg-in Kişineuda keçirilmiş iclasında yekdilliklə qəbul edilib.
Belarus təşkilatın sədri funksiyalarını Rabitə Nazirliyinin timsalında Gürcüstandan qəbul edəcək. Şəbəkə sədrinin müavini kimi, Avropa İttifaqını təmsil edən Latviya seçilib.
EaPeReg layihəsi elektron kommunikasiya şəbəkələrinin və xidmətlərinin tənzimlənməsi üzrə milli orqanlar üçün müstəqil platformadır. Layihənin əsas məqsədi Avropa İttifaqı ilə Şərq tərəfdaşlığı ölkələri arasında uzunmüddətli əməkdaşlığın genişləndirilməsi əsasında elektron kommunikasiya bazarlarının inkişafında onları dəstəkləmək yolu ilə tərəfdaş ölkələrin sosial və iqtisadi inkişafına kömək etməkdir. EaPeReg-in fəaliyyətinin maliyyələşdirilməsi üçün əsas mənbə “Şərq tərəfdaşlığı” ölkələrinin elektron kommunikasiyalar sektorunun tənzimləyiciləri üçün Avropa İttifaqının vəsaitləri hesabına dəstəklənən texniki yardım layihəsidir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk