Bakı, 10 noyabr, AZƏRTAC
Misir dövləti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) bu ölkədəki işgüzar fəaliyyətini dəstəkləməyə hazırdır.
Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin Qahirədə Misir Ərəb Respublikasının Baş naziri İsmayıl Şərif ilə keçirdiyi görüşdə söhbət gedib.
R.Abdullayev SOCAR-ın Misirə xam neft təchizatı və "EGPC" şirkəti ilə mövcud əməkdaşlıq əlaqələrindən danışıb, SOCAR-ın Azərbaycanda və xaricdə həyata keçirdiyi layihələr barədə məlumat verib. SOCAR-ın prezidenti Misirdə əməkdaşlıq imkanları olduğu təqdirdə bu ölkədəki layihələrdə iştirak etməyə maraq göstərildiyini də diqqətə çatdırıb.
Misirin Baş naziri İsmayıl Şərif SOCAR-ın bu ölkədəki fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib, SOCAR ilə "EGPC" arasındakı əməkdaşlıq əlaqələrinin mövcud səviyyəsinin məmnunluq doğurduğunu söyləyib. Misirin neft-qaz sənayesində investisiya imkanlarının geniş olduğunu qeyd edən İ.Şərif SOCAR-ı bu imkanları dəyərləndirməyə dəvət edib və Misir dövlətinin SOCAR-ın bu ölkədəki işgüzar fəaliyyətini dəstəkləməyə hazır olduğunu vurğulayıb.
Görüşdə Misirin "EGPC" (Egyptian General Petroleum Corporation) şirkətinin rəhbəri Mohammad el Masri və Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev iştirak ediblər.