Bakı, 10 noyabr, AZƏRTAC
Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gerçəkləşdirdiyi üç gün davam edən “Ədəbiyyat, musiqi, təsviri sənət və gənclik” adlı layihə gənc istedadlı şair, rəssam və bəstəkarlar arasında yaradıcı mühitin formalaşmasına və fikir mübadiləsinə bir töhfə olub.
Silsilə tədbirlərə başlamazdan əvvəl iştirakçılar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanında dövlətimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarlarını, habelə “Türk Şəhidliyi” abidəsini ziyarət ediblər.
DGTYB-dən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində bir sıra tədbirlər və görüşlər keçirilib. Layihənin məqsəd və məramından söz açılıb. Bildirilib ki, məqsəd gənc bəstəkar, yazıçı və rəssamların öz yaradıcılıq ideyalarını ortaya qoymalarına şərait yaratmaqdır.
Sonda tədbir sual-cavab şəklində, fikir mübadiləsi aparılaraq davam etdirilib.
Qeyd edək ki, layihənin yekunu olaraq, gənc yazar, bəstəkar və rəssamların əsərlərindən ibarət toplu çap olunaraq ictimaiyyətə təqdim ediləcək.