Berlin, 11 noyabr, AZƏRTAC
Almaniyanın “Business & Diplomacy” jurnalında dərc edilən “Azərbaycan: Odlar Diyarı” adlı məqalədə Bakının tarixi və memarlıq abidələri, Quba və onun ətrafında mövcud olan təbii landşaft, “Şahdağ” Qış-Yay Turizm Kompleksi barədə məlumat verilir.
Məqalədə bildirilir ki, dünyaya açıq şəhər olan Bakının yeni simvolu sayılan “Alov qüllləri” axşamlar ətrafa müxtəlif rənglərdə işıq saçır. UNESCO-un Dünya Mədəni İrs Siyahısına daxil edilmiş İçərişəhər öz məscidləri, Karvansarayı, hamamları və çay evləri ilə insanı heyran edir. Bakını yüksəklikdən seyr etmək üçün Qız qalasına çıxmaq, şəhərin tarixini canlı yaşamaq üçün Şirvanşahlar sarayına getmək tövsiyə olunur.
Qeyd edilir ki, dünya şöhrətli memar Zaha Hadid tərəfindən layihələndirilmiş Heydər Əliyev Mərkəzinin binası və Xalça Muzeyi xüsusi gözəlliyi ilə seçilən memarlıq abidələri kimi təqdim olunur. Məqalədə, həmçinin Azərbaycanın şimal-şərqində yerləşən, “Qafqazın qapısı” adlanan Quba şəhəri və Xınalıq kəndi barədə məlumat verilir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin