Dünya Bankı su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına dəstəyini davam etdirəcək

Dünya Bankı su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına dəstəyini davam etdirəcək
17:43 12 Noyabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Dünya Bankı bundan sonra da su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına dəstək verəcək.
“Azərsu” ASC-dən AZƏRTAC-a bildirilib ki, bu sözləri noyabrın 12-də Azərbaycanda səfərdə olan Dünya Bankının su təchizatı və kanalizasiya layihələri üzrə aparıcı mütəxəssisi Fransis Braun “Azərsu” ASC keçirilən görüşdə deyib.
ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycan hökuməti ilə Dünya Bankı arasında əməkdaşlığın böyük tarixi olduğunu xatırladaraq bankın ölkəmizdə həyata keçirilən sosial və infrastruktur layihələrində yaxından iştirakını yüksək qiymətləndirib. Qorxmaz Hüseynov Dünya Bankı ilə birgə maliyyələşdirilən “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Şamaxı, Qəbələ, Sabirabad və Saatlı şəhərlərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin uğurla davam etdiyini, artıq bu şəhərlərdə əhalinin layihələrdən faydalandığını diqqətə çatdırıb.
Dünya Bankının su təchizatı və kanalizasiya layihələri üzrə aparıcı mütəxəssisi vəzifəsinə təyinat aldıqdan sonra ölkəmizə ilk dəfə səfər etdiyini vurğulayan Fransis Braun bildirib ki, Azərbaycanda içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində böyük işlər görülür. O, hər 4 şəhərdə işlərin gedişindən razı qaldıqlarını və Dünya Bankının bundan sonra da Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına dəstək verəcəyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində görülmüş işlər və gələcək əməkdaşlıq məsələləri ətrafında geniş müzakirələr aparılıb.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov cəmiyyətin yeni Təlim-Tədris Mərkəzinin inşa olunduğunu və artıq fəaliyyətə başladığını da bildirib: “Dünya Bankının Bakı ofisinin rəhbəri də daxil olmaqla əməkdaşlıq etdiyimiz beynəlxalq maliyyə institutlarının nümayəndələri mərkəzlə tanış olublar. Ən müasir standartlara uyğun qurulmuş mərkəzdə regional təlimlərin keçirilməsi üçün hər cür şərait yaradılıb və Dünya Bankının regional təlimlərinin Bakıda keçirilməsinə hazırıq”.
Fransis Braunun rəhbərlik etdiyi nümayəndə heyəti Təlim Tədris Mərkəzində olub. Səfər müddətində nümayəndə heyəti Şamaxı və Qəbələ şəhərlərində həyata keçirilən layihələrin icrası ilə də tanış olacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dunya_Banki_su_techizati_ve_kanalizasiya_sistemlerinin_yeniden_qurulmasina_desteyini_davam_etdirecek-901444

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR