Bakı, 13 noyabr, AZƏRTAC
“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda vətəndaşların qəbul edilməsi qaydası da müəyyənləşdirilir.
AZƏRTAC xəbər verir ki, qanunun 11-ci maddəsinə əsasən, müraciətə baxan vəzifəli şəxslər vətəndaşları ayda azı bir dəfə qəbul etməlidirlər. Vətəndaşların qəbulu əvvəlcədən məlumat verilən günlərdə və saatlarda həyata keçirilməlidir. Müraciətlərlə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi tələb edildikdə vəzifəli şəxs onları dərhal qəbul etməlidir.
Vətəndaş qəbula şəxsiyyətini təsdiq edən sənəd, yaxud şəxsiyyətini müəyyən edən rekvizitlər, həmçinin elektron imza olduqda elektron xidmətlər vasitəsilə yazıla bilər.
Vətəndaşın şifahi müraciəti ilə bağlı qəbula dair qeydiyyat-nəzarət vərəqəsində qeyd aparılır. Şifahi müraciətdəki məsələlərin həlli əlavə araşdırma aparılmasını tələb etmədikdə vətəndaşın razılığı ilə müraciət qəbul zamanı şifahi qaydada cavablandırılır. Vətəndaşın müraciətini şifahi qaydada cavablandırmaq mümkün olmadıqda müraciət yazılı şəkildə təqdim olunur.
Qanun müraciətə baxan vəzifəli şəxslərə səyyar və videoqəbullar, o cümlədən onlayn konfranslar keçirmək hüququ verir.