Bakı, 14 noyabr, AZƏRTAC
1990-2015-ci illərdə dünyada ana ölümü halları azalıb. Lakin hər gün hamiləlik və doğuşla bağlı səbəblərdən təqribən 800 qadın dünyasını dəyişir. Ana ölümünün 99 faizi inkişaf etməkdə olan ölkələrin payına düşür.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzində istinadla bildirir ki, bu barədə məlumat Dünya Səhiyyə Təşkilatının (DST) Dünya Bankı və BMT-nin Əhali Fondu ilə əməkdaşlığı əsasında hazırlanmış yeni məruzəsində yer alıb.
DST-nin Baş direktorunun köməkçisi Flavia Bustreo deyib: “Minilliyin inkişaf məqsədləri ana ölümünün azalması istiqamətində misilsiz səyləri səfərbər etməyə imkan verib. Son 25 ildə qadınların hamiləlik səbəbindən ölüm riski təxminən ikiqat azalıb. Bu real irəliləyiş olsa da, kifayət deyil”.
Flavia Bustreo bildirib ki, məqsəd 2030-cu ilədək qadınlar arasında ölüm hallarının qarşısını almaqdır.
Məruzədə bildirilir ki, 2015-ci ildə hamiləlik, doğuş zamanı və ya doğuşdan sonra altı həftə ərzində ağırlaşma səbəbindən ölənlərin sayı təxminən 303 min nəfər ola bilər. 1990-ci ildə bu göstərici 532 min nəfər olub. Bu isə o deməkdir ki, 1990-ci ildə hər 100 min doğuşa 385 ana ölümü, 2015-ci ildə isə ehtimala görə, 100 min doğuşa 216 ana ölümü düşüb.
Məruzədə deyilir ki, 1990-ci ildə ana ölümünün yüksək olduğu Butan, Kamboca, Kabo-Verde, İran, Laos Xalq Demokratik Respublikası, Maldiv, Monqolustan, Ruanda və Timor-Leştidə minilliyin inkişaf məqsədlərindən birinə nail olunub. Bu doqquz ölkədə 2015-ci ilədək ana ölümü 75 faiz azalıb.
Son 25 ildə ana ölümü halları Rusiyada 60, Azərbaycanda 60, Ukraynada 47, Qazaxıstanda 84,6, Belarusda 88, Tacikistanda 70, Özbəkistanda 33,3, Türkmənistanda 48,8 faiz azalıb.
Məruzənin məlumatına görə, Belarusda ana ölümü faizi çox aşağıdır. Bu ölkədə 1990-cı ildə 100 min doğuşdan 33 ana ölümü, 2015-ci ildə isə 100 min doğuşdan 4 ölüm hadisəsi olub. Həmçinin Avstriya, İslandiya, Finlandiya, Polşa, İsveç və Çexiyada da 100 min doğuşa 3-4 ana ölümü düşüb.